...

Azərbaycanda neftçilər üçün mənzil tikintisinə 106 hektar ayrılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Yanvar 2012 19:04 (UTC +04:00)
Nazirlər Kabinetinin qərarı ilə yanvarın 19-dan ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) əməkdaşları üçün mənzil tikintisinə 106,41 hektar torpaq sahəsi ayrılıb.
Azərbaycanda neftçilər üçün mənzil tikintisinə 106 hektar ayrılıb

Azərbaycan, Bakı, 25 yanvar /Trend, müxbir A.Axundov/

Azərbaycan Nazirlər Kabinetinin qərarı ilə yanvarın 19-dan ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) əməkdaşları üçün mənzil tikintisinə 106,41 hektar torpaq sahəsi ayrılıb.

Nazirlər Kabinetinin qərarı ilə əvvəllər sənaye məqsədləri üçün istifadə edilən bu torpaq sahələrinin təyinatı dəyişdirilib.

Bakıda bu sahələrdən 30,1 hektar Qaradağ rayonunun Lökbatan qəsəbəsində, 1,38 hektar Qobustan qəsəbəsində, 22 hektar Xəzər rayonunun ərazisində, 14,78 hektar Suraxanı rayonunun Hövsan qəsəbəsində, 7 hektar Səbail rayonunun Bayıl qəsəbəsində, 0,1 hektar Yasamal rayonunun ərazisində yerləşir.

Bu məqsədlər üçün ayrılan ərazilərin 7,69 hektarı Şirvan şəhərinin ərazisində, 5,16 hektar Abşeron rayonunun Fatmayı qəsəbəsi ərazisində, 5,76 hektar İmişli rayonunun ərazisində, 2,56 hektar Salyan rayonunun Kürsəngi kəndi ərazisində və 9,88 hektar Siyəzən rayonunun ərazisində yerləşir.

Qərara əsasən, bu topraq sahələri neft sənayesində çalışan və mənzil növbəsində qeydiyyatda olan işçilərin öz vəsaitləri hesabına kooperativ çoxmərtəbəli çoxmənzilli yaşayış evlərinin tikintisi məqsədi ilə kateqoriyası dəyişdirilərək, yaşayış məntəqələri torpaqları kateqoriyasına keçirilib.

ARDNŞ-nin çərşənbə günü yayılan məlumatına əsasən, hazırda Yeni Yasamal yaşayış massivində şirkətin işçiləri üçün tikilmiş yaşayış binalarında təmir, Badamdar qəsəbəsi ərazisində inşa edilən yaşayış binasında isə son tamamlama işləri aparılır. Bu binaların 2012-ci ilin birinci yarısında istifadəyə verilməsi nəzərdə tutulur. Xətai rayonunda yeni yaşayış binalarının tikintisi davam etdirilir və Səbail rayonu Bibiheybət ərazisində 1500-dən artıq neftçi ailəsi üçün yaşayış kompleksinin, Qaradağ rayonu Lökbatan və Sahil qəsəbələri, Xəzər rayonu Pirallahı qəsəbəsi ərazilərində yeni yaşayış binalarının tikintisi üçün hazırlıq işləri aparılır.

1984-cü ilə qədər mənzil növbəsinə dayanan şirkətlərin əməkdaşları üçün mənzilin dəyərinin 70 faizi ARDNŞ, 30 faizi isə işçinin özü tərəfindən ödənilir. Sonrakı illərdə növbəyə dayananlara gəlincə, ARDNŞ-nin payı ildə iki faiz azalır.

2012-ci ilin əvvəlinə ARDNŞ-nin 6238 işçisi mənzil növbəsindədir. Onların 5743 nəfəri Bakı şəhəri üzrə, 495 nəfəri isə respublikanın müxtəlif şəhər və rayonları üzrə uçota götürülüb.

Nazirlər Kabinetinin qərarı imzalandığı tarixdən qüvvəyə minib.

Xəbər lenti

Xəbər lenti