...

FATF maliyyə cinayətləri ilə mübarizədə yeni təşəbbüslərini təklif edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Fevral 2012 14:17 (UTC +04:00)
FATF cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına qarşı mübarizə sahəsində 40 tövsiyəsini və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində 9 tövsiyəsini yeniləyib.
FATF maliyyə cinayətləri ilə mübarizədə yeni təşəbbüslərini təklif edib

Azərbaycan, Bakı, 24 fevral /Trend, müxbir Ə.Həsənov/

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Maliyyə Tədbirləri üzrə İşçi Qrupu (FATF) cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına qarşı mübarizə sahəsində 40 tövsiyəsini və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində 9 tövsiyəsini yeniləyib. Trend-in məlumatına görə, bu barədə cümə günü Azərbaycan Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinin yaydığı məlumatda deyilir.

FATF-ın tövsiyələrinin yeni redaksiyası qrupun 2012-ci il fevralın 15-17-də keçirilən növbəti plenar iclasında qəbul edilib.

"Yeni redaksiyaya əsasən, FATF-ın 40+9 tövsiyəsi cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına, terrorçuluğun və kütləvi qırğın silahlarının yayılmasının maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində beynəlxalq standartlar - FATF-ın 40 tövsiyəsi kimi tanınacaq" , - məlumatda deyilir.

FATF standartlarının müvafiq hökumət orqanlarının, özəl sektorun və vətəndaş cəmiyyəti təşkilatlarının təmsilçilərinin birgə əməkdaşlığı ilə yenilənməsi mövcud və potensial təhdidlərə qarşı qlobal müdafiə mexanizmlərinin daha da gücləndirilməsi məqsədini daşıyır.

FATF-ın 40 tövsiyəsinin yeni redaksiyasında cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına (PL) və terrorçuluğun maliyyələşdirilməsinə (TM) qarşı mübarizəyə dair beynəlxalq tələblər (BMT-nin "Korrupsiyaya qarşı mübarizə" və "Transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizə" konvensiyalarında, Avropa Şurasının "Cinayət fəaliyyətindən əldə edilən gəlirlərin leqallaşdırılması, aşkar olunması, götürülməsi və müsadirə edilməsi haqqında" və "Korrupsiya ilə Əlaqədar Cinayət Məsuliyyəti haqqında" konvensiyalarında, eləcə də digər beynəlxalq sənədlərdə əks olunan müddəlar) artıq vahid bir sənəd daxilində təqdim olunur.

Xəbər lenti

Xəbər lenti