...

Son 5 ildə Azərbaycan İnvestisiya Şirkətinin aktivləri 175 milyon manata çatıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Mart 2012 17:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 mart /Trend/

Şənbə günü Azərbaycan İnvestisiya Şirkətinin (AİŞ) Müşahidə Şurasının iclası keçirilib.

İqtisadi inkişaf naziri Şahin Mustafayevin sədrliyi ilə keçirilmiş iclasda Azərbaycan İnvestisiya Şirkətinin Müşahidə Şurasının sədr müavini, Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov və Müşahidə Şurasının üzvləri - maliyyə nazirinin I müavini İlqar Fəti-zadə, Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rüstəm Şahbazov, Mərkəzi Bankın sədr müavini Vadim Xubanov iştirak ediblər.

Trend İqtisadi İnkişaf Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, iclasda 2011-ci il üzrə illik büdcənin icrasının və 2012-ci ilin büdcəsinin təsdiq edilməsi, ötən il üzrə maliyyə hesabatlarına baxılması, AİŞ-in nizamnamə kapitalında iştirak payına və ya səhmlərinə malik olduğu müəssisələrin fəaliyyəti ilə bağlı keçirilmiş monitorinqin nəticələri və digər məsələlər müzakirə edilib.

Müzakirə edilmiş məsələlər üzrə AİŞ-in icraçı direktoru Əfqan İsayev təqdimatla çıxış edib. Qeyd edilib ki, şirkətin fəaliyyət göstərdiyi 5 il ərzində aktivləri 4,5 milyon manat artaraq, 2011-ci ilin sonuna 174,8 milyon manata çatıb, mənfəət 14,5 milyon manat təşkil edib.

Aparılmış monitorinqin nəticələri ilə bağlı məlumat verilib ki, Hövsan qəsəbəsində müasir süd zavodunun inşası layihəsi başa çatıb, müəssisə test rejimində fəaliyyətə başlayıb. Bununla yanaşı, "Qaradağ Sement" zavodunda quru istehsal texnologiyasına əsaslanan yeni sobanın tikintisi başa çatdırılıb və artıq test rejimində ilk klinker istehsal edilib. "Sənqəçal Qaradağ Neft və Qaz terminalı" layihəsinin də başlanğıc fazası icra edilib. 2011-ci ildə AİŞ-in 17,5%-lik pay əldə etdiyi "Azərtoxum" MMC fəaliyyətini uğurla davam etdirib.

AİŞ-in Dövlət Neft Şirkəti və Sinqapurun "Keppel Offshore & Marine" şirkəti ilə birgə iştirak etdiyi "Bakı Gəmiqayırma Zavodu"nun tikintisi layihəsi qrafikə uyğun icra edilir.

Azərbaycan İnvestisiya Şirkəti bir sıra layihələrə ("Ağstafa Aqroservis" layihəsi, "Uşaq Qidasının Qablaşdırılması" layihəsi, İşlənmiş akkumulyatorların təkrar emalı layihəsi) investisiya qoyuluşları həyata keçirmək üçün müvafiq işlər aparır.

İclasda müzakirə edilmiş məsələlər üzrə müvafiq qərarlar qəbul edilib.

Xəbər lenti

Xəbər lenti