...

Azərbaycan Serbiya ilə kredit sazişini ratifikasiya edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Mart 2012 13:23 (UTC +04:00)
Azərbaycan artıq borc alan ölkədən borc verən ölkəyə çevrilib. Trend-in məlumatına görə, bunu cümə günü Milli Məclisin iclasında parlamentin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirib.
Azərbaycan Serbiya ilə kredit sazişini ratifikasiya edir

Azərbaycan, Bakı, 16 mart / Trend, müxbir A.Axundov /

Azərbaycan artıq borc alan ölkədən borc verən ölkəyə çevrilib. Trend-in məlumatına görə, bunu cümə günü Milli Məclisin iclasında parlamentin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirib.

Parlament komitəsinin iclasında Azərbaycanla Serbiya arasında fevralın 1-də imzalanan kredit sazişi müzakirə olunub. Serbiyada avtomobil yolunun tikintisinə 300 milyon avro məbləğində kredit üç illik güzəşt dövrü olmaqla 15 illiyə və dörd faizlik illik dərəcə ilə verilib.

"Bu gün Azərbaycan tərəfindən xaricdə aktiv investisiyalaşdırma prosesi gedir. Azərbaycan Türkiyədə, Rusiyada, Moldovada və başqa ölkələrdə investisiya layihələrini həyata keçirir", - Səmədzadə deyib.

Deputat Vahid Əhmədovun sözlərinə görə, bu gün Azərbaycanın valyuta ehtiyatları bu cür layihələri reallaşdırmağa imkan verir.

"Avro və dolların qiymətinin ucuzlaşması ilə əlaqədar Azərbaycan Dövlət Neft Fondunun aktivləri tədricən azalır, ona görə də Azərbaycan belə layihələrdən daha çox istifadə etməlidir", - Əhmədov deyib.

İqtisadi İnkişaf Nazirliyinin şöbə müdiri Sahil Babayevin sözlərinə görə, bu müqavilə serb tərəfi üçün kifayət qədər sərt şərtlər nəzərdə tutur və Azərbaycanın maraqlarını müdafiə edir.

"Adətən podratçı və borc verən bir ölkəni təmsil etdikdə kredit üzrə faiz dərəcəsi aşağı olur. Ona görə də kredit üzrə dörd faiz Azərbaycan üçün sərfəli şərtdir. Bununla yanaşı, müqaviləyə görə, serb tərəfinə erməni şirkətlərinin layihəyə cəlb edilməsi qadağan edilib", - Babayev deyib.

Onun sözlərinə görə, Azərbaycan tərəfdən podratçı AzVirt şirkəti, Serbiya tərəfdən isə Corridor Serbia dövlət yol tikintisi şirkəti seçilib.

Müzakirənin yekunları üzrə kredit sazişinin ratifikasiya olunmaq üçün parlamentə verilməsi tövsiyə olunub.

Xəbər lenti

Xəbər lenti