Azərbaycan, Bakı, 18 aprel /Trend, müxbir Y.Kosolapova/
Aprelin 19-da Qazaxıstanın Almatı şəhərində Regionlararası Standartlaşdırma Assosiasiyasının (RSA) Baş Assambleyasının 21-ci iclası keçiriləcək. Trend-in məlumatına görə, bu barədə Qazaxıstanın Sənaye və Yeni Texnologiyalar Nazirliyinin çərşənbə günü yaydığı məlumatda deyilir.
Tədbirdə təşkilata üzv olan ölkələrin nümayəndələri, o cümlədən Azərbaycan Standartlar İnstitutunun direktoru Rauf İsmayılov, Türkiyənin Standartlaşdırma İnstitutunun prezidenti Hulusi Şəntürk, Belarusun Dövlət Standartlaşdırma Komitəsi sədrinin müavini Sergey İvlev, Gürcüstanın akkreditasiya orqanının direktor müavini Malxaz Xarebava,Tacikistanın Standartlaşdırma, Metrologiya, Sertifikatlaşdırma və Ticarət Müfəttişliyinin direktor müavini Karomat Saidova, Qazaxıstanın Texniki Tənzimləmə və Metrologiya Komitəsinin sədri Rıskeldi Satbayev iştirak edəcəklər.
RSA 1991-ci ildə mal və xidmət mübadiləsinin sadələşdirilməsi üçün standartlaşmanın və ona yaxın istiqamətlərin eləcə də intellektual, elmi, texniki və iqtisadi fəaliyyət sahələrində əməkdaşlığın inkişafına yardım məqsədilə yaradılıb.
Hazırda assosiasiyanın tərkibinə Azərbaycan, Albaniya, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Moldova, Özbəkistan, Rusiya, Tacikistan, Tatarıstan, Türkiyə və Türkmənistan daxildir.
Regionlararası Standartlaşdırma Assosiasiyasının (RSA) Baş Assambleyasının iclası ildə bir dəfə yekunların aparılması və növbəti il üçün planın hazırlanması məqsədilə keçirilir.