...

Dağıstan nümayəndə heyəti Azərbaycan regionlarının turizm imkanları ilə tanış olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Aprel 2012 15:20 (UTC +04:00)
Azərbaycanda səfərdə olan Rusiya Federasiyası Dağıstan Respublikasının Baş nazirinin müavini Rizvan Qazımaqomedovun rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 27-də bir sıra müəssisələrin fəaliyyəti ilə tanış olmuşdur.
Dağıstan nümayəndə heyəti Azərbaycan regionlarının turizm imkanları ilə tanış olub

Azərbaycan, Bakı, 28 aprel /Trend/

Azərbaycanda səfərdə olan Rusiya Federasiyası Dağıstan Respublikasının Baş nazirinin müavini Rizvan Qazımaqomedovun rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 27-də bir sıra müəssisələrin fəaliyyəti ilə tanış olmuşdur.

İqtisadi İnkişaf Nazirliyindən Trend-ə verilən məlumata görə, Sumqayıt Texnologiyalar Parkının fəaliyyəti ilə tanışlıq zamanı nümayəndə heyətinə məlumat verilmişdir ki, 17 zavoddan ibarət parkda müxtəlif çeşidli məhsullar, o cümlədən kabellər, transformatorlar, yüksək gərginlikli avadanlıq, hidroturbinlər, su nasosları, elektrik mühərrikləri, borular, texniki qazlar istehsal edilir.

Sumqayıt şəhərindəki "Azgüntex" zavodunda olan qonaqlara müəssisənin Avropanın aparıcı şirkətlərinin ən müasir texnologiyaları əsasında yaradıldığı və zavodda iki istehsal xəttinin - Günəş modulları və LED lampaları xəttlərinin fəaliyyət göstərdiyi bildirilmişdir.

Dağıstan nümayəndə heyəti Binə qəsəbəsində yerləşən "Qrintek" istixana kompleksində də olmuşdur. 10 hektar ərazidə fəaliyyət göstərən kompleksin yaradılmasında dövlətin güzəştli kreditlərindən istifadə edilmişdir. Belə ki, ümumi dəyəri 10 mln. manat olan istixana komleksinin yaradılmasına Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 5 mln. manat güzəştli kredit verilmişdir. Müasir texnologiyalar əsasında fəaliyyət göstərən müəssisənin yaradılmasında Hollandiya istehsalı olan avadanlıqlardan istifadə edilmişdir.

Qonaqlar həmçinin, Qəbələ rayonunda olmuş, bir sıra müəssisələrin fəaliyyəti, bölgənin turizm imkanları ilə tanış olmuşlar. Qəbələ Konserv Zavodunda qonaqlara müəssisədə müasir standartlara cavab verən avadanlıqların quraşdırılması, burada müxtəlif növ meyvə pürelərinin, şirə, turşu, mürəbbə, cem və konsentratların istehsal olunması barədə məlumat verilmişdir. Müəssisənin məhsulları dünyanın 35-dən çox ölkəsinə ixrac edilir.

Qəbələ Piano Fabrikində qonaqlara bildirildi ki, regionda analoqu olmayan və beynəlxalq standartlara tam cavab verən müəssisədə dünyada məşhur olan "Beltmann" markalı pianolar istehsal olunur və fabrikin yüksək keyfiyyətli piano və royallarına böyük tələbat vardır.

Qəbələ Hava Limanı ilə tanışlıq zamanı qonaqlara məlumat verilmişdir ki, aeroport yüksək standartlara cavab verir və beynəlxalq statusa malikdir.

Eyni zamanda, Dağıstan nümayəndə heyətinə Qəbələdə beşulduzlu otellər sistemi, rayonda yaradılmış müasir turizm infrastrukturu barədə geniş məlumat verildi.

Qəbələnin gözəl təbiəti və turizm imkanları ilə tanış olan qonaqlar Azərbaycanın dünyada turizm ölkəsi kimi tanınması üçün böyük potensiala malik olduğunu vurğulamış, ölkəmizdəki dinamik sosial-iqtisadi inkişafdan, müasir texnologiyalara əsaslanan müəssisələrin fəaliyyətindən məmnunluqlarını ifadə etmişlər.

Dağıstan nümayəndə heyəti bu gün Xaçmaz rayonunda da olacaq, burada fəaliyyət göstərən 6 min tonluq soyuducu anbar kompleksi və bölgənin turizm imkanları ilə tanış olacaqlar.

Xəbər lenti

Xəbər lenti