...

Azərbaycanın qiymətli kağızlar bazarının ÜDM-ə nisbəti 22 faizədək artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Aprel 2012 20:34 (UTC +04:00)
2012-ci ilin birinci rübü ərzində qiymətli kağızlar bazarı fəaliyyətini qeyri-neft sektorunun yüksək templi artımı və antiinflyasiya xarakterli pul siyasəti fonunda davam etdirib.
Azərbaycanın qiymətli kağızlar bazarının ÜDM-ə nisbəti 22 faizədək artıb

Azərbaycan, Bakı, 30 aprel /Trend, müxbir Ə. Həsənov/

2012-ci ilin birinci rübü ərzində qiymətli kağızlar bazarı fəaliyyətini qeyri-neft sektorunun yüksək templi artımı və antiinflyasiya xarakterli pul siyasəti fonunda davam etdirib.

Hesabat dövrü ərzində korporativ qiymətli kağızlar bazarının həcminin bir sıra amillərin təsiri fonunda azalmasına baxmayaraq, dövlət qiymətli kağızlar bazarında qeydə alınmış artım bütövlükdə bazarın dinamikasına müsbət təsir edib və qiymətli kağızlar bazarı cari ilin ilk rübü ərzində 1,6 dəfə artaraq 2,7 milyard manat təşkil edib. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) 2012-ci ilin I rübü üzrə fəaliyyət hesabatında deyilir.

Nəticədə qiymətli kağızlar bazarının ticarət dövriyyəsinin ÜDM-ə nisbəti cari ilin birinci rübü ərzində ötən ilin müvafiq göstəricisi olan 16 faizdən artaraq 22 faiz təşkil edib.

"İl ərzində dövlət qiymətli kağızları ilə keçirilən əməliyyatların sayı əvvəlki ilin birinci rübü ilə müqayisədə 14 faiz, əməliyyatların həcmi isə 1,8 dəfə artaraq 2,6 milyard manat təşkil edib", - hesabatda deyilir.

Hesabat dövründə korporativ qiymətli kağızlar bazarının ümumi həcminin azalmasına baxmayaraq, əməliyyatların sayında artım müşahidə edilib. Belə ki, 2012-ci ilin birinci rübü ərzində korporativ qiymətli kağızlar bazarında əməliyyatların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 9 faiz artıb, lakin korporativ borc alətlərinin dinamikasında müşahidə olunan geriləmə fonunda bazarın həcmi 50 faiz azalaraq 88,4 milyon manat təşkil edib. Korporativ qiymətli kağızlarla əməliyyatların 48 faizini səhmlər, 52 faizini isə korporativ istiqrazlar təşkil edib.

QKDK-nin hesabatında deyilir ki, cari ilin əvvəlində mənfəətini nizamnamə kapitalının artırılmasına yönəldən bank və sığorta şirkətləri üçün vergi güzəştlərinin müddətinin bitməsi səhmlərin ilkin bazarında yerləşdirmələrin sayının 66,6 faiz, həcminin isə 32 faiz azalması ilə nəticələnib. Lakin səhmlərin təkrar bazarında əməliyyatların sayının 17,8 faiz, əməliyyatların həcminin isə 2,3 dəfə artması bütövlükdə səhm bazarının əməliyyatların sayının 12,7 faiz, həcminin isə 18 faiz artaraq 42 milyon manata çatmasını şərtləndirib.

Korporativ borc bazarında yüksək likvidliyi ilə seçilən və ənənəvi olaraq bazarın böyük hissəsini təşkil edən Azərbaycan İpoteka Fondunun istiqrazları ilə əməliyyatların həcminin cari ilin birinci rübü ərzində azalması bütövlükdə borc bazarının dinamikasına mənfi təsir edib.

2012-ci ilin birinci rübü ərzində korporativ istiqrazların həm ilkin, həm də təkrar bazarında geriləmə müşahidə olunub, bazarda əməliyyatların sayı 48 faiz, əməliyyatların həcmi isə 67 faiz azalaraq 46,4 milyon manat təşkil edib. Korporativ borc bazarının azalmasına əsasən bazarın böyük hissəsini təşkil edən Azərbaycan İpoteka Fondunun istiqrazları ilə əməliyyatların həcmində müşahidə olunan əhəmiyyətli geriləmə təsir göstərib. Belə ki, cari ilin birinci rübü ərzində ipoteka istiqrazlarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 90 faiz azalaraq 11 milyon manat təşkil edib. Bütövlükdə cari il ərzində Azərbaycan İpoteka Fondunun 30 milyon manatlıq istiqrazları emissiya olunub, 5 milyon manatlıq istiqrazları yerləşdirilib.

2012-ci ilin birinci rübündə dövlət qiymətli kağızlar bazarında əməliyyatların sayı 14 faiz, həcmi isə 1,8 dəfə artaraq 2,62 milyard manata çatıb.

Xəbər lenti

Xəbər lenti