Azərbaycan, Bakı, 2 may / Trend müxbir A.Axundov /
Azərbaycan iqtisadiyyatının inkişafının qısamüddətli perspektivləri ümumilikdə əlverişlidir. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü missiyanın yekunları üzrə mətbuat konfransında BVF-nin Yaxın Şərq və Mərkəzi Asiya Departamentində şöbə müdirinin müavini Nadim İlahi bildirib.
"2011-ci ildə ölkənin iqtisadi inkişafının əsas göstəricisi qeyri-neft ÜDM-nin 9,9 faiz artmasıdır. Bu, çox yaxşı göstəricidir. Cari ildə biz qeyri-neft ÜDM-nin 6 faiz artacağını gözləyirik. Bununla yanaşı, karbohidrogenlərin hasilat həcmi çətin ki artsın", - İlahi deyib.
Onun sözlərinə görə, ümumilikdə BVF Azərbaycan iqtisadiyyatının artımını 3 faiz səviyyəsində proqnozlaşdırır.
"Ərzağın dünya qiymətlərində olduğu kimi, Azərbaycanda inflyasiyanın tempi son vaxtlar azalır, ilin sonunadək 5 faizə çata bilər", - İlahi deyib.
BVF missiyasının rəhbərinin sözlərinə görə, ehtiyatlı vergi-büdcə siyasəti qısamüddətli perspektivdə makroiqtisadi sabitliyin saxlanmasının əsas amilidir.
"Kapital qoyuluşları üzrə xərclərin məhdudlaşdırılması yolu ilə qeyri-neft büdcəsinin kəsirinin azaldılması 2012-ci ildə inflyasiya templərinin aşağı səviyyədə saxlanmasına yardım edəcək", - İlahi deyib.
Missiya rəsmi orqanların cari ildə yaxın vaxtlarda və gələcəkdə neftin dünya qiymətlərinin artacağına dair proqnozlarla əlaqədar hansısa əlavə xərclərin artırılmasından qaçmaq niyyətlərini müsbət qiymətləndirir.