Azərbaycan, Bakı, 17 may /Trend, müxbir A.Axundov/
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 2012-ci il mayın 18-19-da Londonda keçiriləcək illik görüşdə bankın yeni prezidentini seçəcək. Trend-in məlumatına görə, bu barədə cümə axşamı AYİB-in yaydığı məlumatda deyilir.
Prezidentliyə namizədliyini indiki prezident Tomas Mirov daxil olmaqla, beş nəfər irəli sürüb.
Namizədlər arasında Polşanın keçmiş Baş naziri Yan Kşiştof Beletski də var. O, hazırda Baş nazirin dəftərxanasında iqtisadi şuranın rəhbəri vəzifəsində çalışır. Digər namizədlər isə Böyük Britaniyanın Ədliyyə Nazirliyində daimi katib Suma Çakrabarti, Serbiyanın keçmiş maliyyə naziri və nazir müavini Bojidar Djeliç, Avropa İnvestisiya Bankının vitse-prezidenti və idarə komitəsinin üzvü Filip de Fonten Viv Kurtazdır.
Seçkilər mayın 18-də keçiriləcək. Qərarın həmin günün axşamı qəbul ediləcəyi gözlənilir.
AYİB-in İdarə Şurasının iclasında iştirak etmək üçün Azərbaycan nümayəndə heyəti artıq Londona yollanıb. Bu barədə cümə axşamı Trend-ə ölkə hökumətindən bildiriblər.