Azərbaycan, Bakı, 21 may /Trend/
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) tərəfindən iş adamlarının məlumatlandırılması istiqamətində tədbirlər davam etdirilir.
İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, Fond tərəfindən ixrac xidmətləri, müxtəlif ölkələrlə iqtisadi əlaqələr, ixraca dair qanunvericilik və digər yeniliklərin öz əksini tapdığı İxrac Bülleteninin 2-ci sayı nəşr edilib.
Nəşrdə AZPROMO-nun yerli iş adamlarına göstərdiyi ixrac xidmətləri, müxtəlif məhsullar üzrə ixrac prosedurları, qablaşdırma və etiketlənmə üzrə ümumi tələblər, Avropa İttifaqına ixrac, biznes təkliflər, sərgilər və digər məlumatlar öz əksini tapıb.
İxrac bülleteni İqtisadi İnkişaf Nazirliyinin www.economy.gov.az, AZPROMO-nun www.azpromo.az internet səhifələrində yerləşdirilib. İxrac bülleteninin yerli şirkətlərə, beynəlxalq təşkilatlara və xarici ölkələrin Azərbaycandakı səfirliklərinə təqdim olunması nəzərdə tutulur. Bundan başqa, bülleten AZPROMO tərəfindən bu il ölkəmizdə təşkil ediləcək tədbirlərdə iş adamlarına paylanılacaq.