...

Hesablama Palatası dövlət büdcəsinə dəyişikliklər edilməsi barədə qanun layihəsinə rəy verib

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 May 2012 10:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 may / Trend, müxbir A.Axundov /

Azərbaycanın Hesablama Palatası (HP) 2012-ci il dövlət büdcəsinə dəyişikliklər edilməsi barədə qanun layihəsini müzakirə edib və təsdiqləyib. Trend-in məlumatına görə, bu barədə HP-nin dünən yaydığı məlumatda deyilir.

Qanun layihəsi haqqında rəyin müzakirə olunduğu kollegiya iclasının yekunları üzrə HP onu Milli Məclisə təqrim etməklə bağlı qərar qəbul edib.

Rəydə əsas diqqət 2012-ci ilin ötən dövrü ərzində ölkə iqtisadiyyatını xarakterizə edən makroiqtisadi göstəricilərin və ona təsir edən amillərin təhlilinə, 2012-ci il dövlət büdcəsinin gəlir və xərc parametrlərinin dürüstləşdirilməsini zəruri edən amillərin araşdırılmasına yönəldilib.

2012-ci il dövlət büdcəsinə ediləcək dəyişikliklərin əsas mahiyyəti Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq, ölkənin şimal-qərb bölgəsində baş vermiş zəlzələ nəticəsində Zaqatala, Qax, Balakən və Şəki rayonlarının əhalisinə və sosial-iqtisadi infrastrukturlarına dəymiş ziyanın, 2010-cu ildə Kür və Araz çaylarının Sabirabad və Salyan rayonlarının ərazisində yaratdığı irimiqyaslı fəlakətin nəticələrinin aradan qaldırılması ilə bağlı işlərin başa çatdırılması, cari ildə ölkənin bəzi rayon və şəhərlərinin ərazisində normadan artıq yağan leysan yağışlarının, sel və daşqınların törətdiyi fəsadların (Saatlı, İmişli, Neftçala, Hacıqabul, Şirvan, Zərdab, Kürdəmir, Salyan, Sabirabad, Şamaxı) aradan qaldırılması olub.

Dəyişikliklərin digər əsas mahiyyəti ölkədə ehtimal olunan təbii fəlakət və fövqəladə halların qarşısının alınması və qabaqlayıcı tədbirlərin görülməsi məqsədi ilə xüsusi təyinatlı maşın və avadanlıqların alınması, Bakı şəhərinin bir sıra ərazilərində müəyyən edilmiş sürüşmə zonalarında müvafiq tədbirlərin görülməsi üçün əlavə maliyyə təminatının yaradılması olub.

Eyni zamanda, Bakı şəhərinin ətraf ərazilərində və onun kəndlərində qurunt sularının səviyyəsinin qalxması ilə bağlı tədbirlərin görülməsi, ekoloji və sanitar durumun yaxşılaşdırılması, habelə 2012-ci ilin ötən dövrü ərzində ölkənin hərbi quruculuğu və təhlükəsizliyi sahəsində qəbul edilmiş Fərman və tapşırıqların icrası və dövlət büdcəsində əvvəlcə nəzərdə tutulmayan tədbirlərin maliyyələşdirilməsi üçün əlavə vəsaitin cəlb edilməsi tələb olunur.

Dövlət büdcəsinə əlavə daxilolmaların iqtisadiyyatın neft və qeyri-neft sektoru üzrə əlavə vergi daxilolmaları hesabına təmin edilməsi nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti