Azərbaycan, Bakı, 26 may /Trend, müxbir A.Axundov/
Dünya bazarlarında neftin qiymətlərinin artması Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) gəlirlərinin əlavə olaraq 3,625 milyrad manat artmasına yaradım edir ki, bu da 2012-ci ilin icmal büdcəsinin gəlirlərini 19,9 faiz artırır. Trend-in məlumatına görə, bu barədə şənbə günü Azərbaycanın maliyyə naziri Samir Şərifov Parlamentin İqtisadi siyasət komitəsində 2012-ci il dövlət büdcəsinə dəyişikliklər edilməsi haqqında qanun layihəsinin müzakirəsi zamanı bildirib.
"Neft sektoru üzrə gəlirlərin proqnozlarının dəyişdirilməsi zamanı biz neftin qiymətlərinin yeni proqnozlarını nəzərə almışıq", - nazir deyib.
Dövlət büdcəsində neftin qiymət proqnozu bir barel üçün 80 dollardan 100 dollaradək artırılıb.
"Büdcənin gəlir hissəsinin artması nəticəsində icmal büdcənin xərcləri 705 milyon manat və ya 3,5 faiz artacaq. Beləliklə, icmal büdcənin profisiti 938 milyon manat səviyyəsində proqnozlaşdırılır, halbuki bundan əvvəl o, kəsirlə qoyulmuşdu", - nazir bildirib.
Dəyişikliyə görə, dövlət büdcəsinin gəlirləri və xərcləri 600 milyon manat artaraq müvafiq olaraq 17,038 milyard manat və 17,672 milyon manat olacaq.
2012-ci il dövlət büdcəsinə ediləcək dəyişikliklərin əsas mahiyyəti Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq, ölkənin şimal-qərb bölgəsində baş vermiş zəlzələ nəticəsində Zaqatala, Qax, Balakən və Şəki rayonlarının əhalisinə və sosial-iqtisadi infrastrukturlarına dəymiş ziyanın, 2010-cu ildə Kür və Araz çaylarının Sabirabad və Salyan rayonlarının ərazisində yaratdığı irimiqyaslı fəlakətin nəticələrinin aradan qaldırılması ilə bağlı işlərin başa çatdırılması, cari ildə ölkənin bəzi rayon və şəhərlərinin ərazisində normadan artıq yağan leysan yağışlarının, sel və daşqınların törətdiyi fəsadların (Saatlı, İmişli, Neftçala, Hacıqabul, Şirvan, Zərdab, Kürdəmir, Salyan, Sabirabad, Şamaxı) aradan qaldırılması olub.
Dəyişikliklərin digər əsas mahiyyəti ölkədə ehtimal olunan təbii fəlakət və fövqəladə halların qarşısının alınması və qabaqlayıcı tədbirlərin görülməsi məqsədi ilə xüsusi təyinatlı maşın və avadanlıqların alınması, Bakı şəhərinin bir sıra ərazilərində müəyyən edilmiş sürüşmə zonalarında müvafiq tədbirlərin görülməsi üçün əlavə maliyyə təminatının yaradılması olub.
Eyni zamanda, Bakı şəhərinin ətraf ərazilərində və onun kəndlərində qurunt sularının səviyyəsinin qalxması ilə bağlı tədbirlərin görülməsi, ekoloji və sanitar durumun yaxşılaşdırılması, habelə 2012-ci ilin ötən dövrü ərzində ölkənin hərbi quruculuğu və təhlükəsizliyi sahəsində qəbul edilmiş Fərman və tapşırıqların icrası və dövlət büdcəsində əvvəlcə nəzərdə tutulmayan tədbirlərin maliyyələşdirilməsi üçün əlavə vəsaitin cəlb edilməsi tələb olunur.
Dövlət büdcəsinə əlavə daxilolmaların iqtisadiyyatın neft və qeyri-neft sektoru üzrə əlavə vergi daxilolmaları hesabına təmin edilməsi nəzərdə tutulub.
Qanun layihəsi Parlamentə Prezident İlham Əliyev tərəfindən təqdim edilib.