...

Azərbaycan ilə Argentina arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın vəziyyəti müzakirə olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Sentyabr 2012 17:56 (UTC +04:00)
Bu gün kənd təsərrüfatı naziri İsmət Abasov Argentinanın Azərbaycandakı müvəqqəti işlər vəkili Xorxe Roballo ilə görüşüb. Görüşdə Azərbaycan ilə Argentina arasında kənd təsərrüfatı sahəsində ikitərəfli əməkdaşlığın vəziyyəti müzakirə olunub.
Azərbaycan ilə Argentina arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın vəziyyəti müzakirə olunub

Azərbaycan, Bakı, 13 sentyabr /Trend/

Bu gün kənd təsərrüfatı naziri İsmət Abasov Argentinanın Azərbaycandakı müvəqqəti işlər vəkili Xorxe Roballo ilə görüşüb. Görüşdə Azərbaycan ilə Argentina arasında kənd təsərrüfatı sahəsində ikitərəfli əməkdaşlığın vəziyyəti müzakirə olunub.

Kənd Təsərrüfatı Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycan ilə Argentina arasında dostluq əlaqələrindən danışan Abasov bildirib ki, iki ölkə arasında əməkdaşlığın vəziyyəti iqtisadiyyatın digər sahələri ilə yanaşı, kənd təsərrüfatı sahəsində də dostluq və xoş münasibətlərin mövcudluğu ilə səciyyələnir. Hər iki ölkənin iqtisadiyyatında kənd təsərrüfatı sektorunun əhəmiyyətini, bu sahədə mövcud olan potensialı və geniş əməkdaşlıq imkanlarını nəzərə alaraq, eləcə də bu sahədə əməkdaşlığın hüquqi bazasının yaradılması məqsədilə 21 sentyabr 2011-ci il tarixdə Bakı şəhərində "Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Argentina Respublikasının Kənd Təsərrüfatı, Heyvandarlıq və Balıqçılıq Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu" imzalanıb və gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub.

Nazir xüsusilə vurğulayıb ki, iki ölkə arasında kənd təsərrüfatı və ərzaq məhsullarının müəyyən həcmdə ticarət dövriyyəsi olsa da, ümumilikdə ticarət əlaqələri mövcud potensialdan aşağıdır. Belə ki, 2011-ci ildə Argentinadan Azərbaycana 16 milyon 915 min ABŞ dolları dəyərində kənd təsərrüfatı və ərzaq məhsulları, o cümlədən heyvan və bitki mənşəli piy və yağlar, heyvan yemləri, yağlı toxumlar və meyvələr, qoz-fındıq, süd məhsulları və digər məhsullar idxal olunub, Azərbaycandan Argentinaya isə 1500 ABŞ dolları dəyərində spirtli və spirtsiz içkilər ixrac olunub. 2012-ci ilin yanvar-iyun aylarında isə Argentinadan Azərbaycana 6 milyon 16 min ABŞ dolları dəyərində kənd təsərrüfatı və ərzaq məhsulları, o cümlədən süd məhsulları, quş yumurtası, təbii bal, heyvanlar üçün hazır yemlər, heyvan və bitki mənşəli piy və yağlar, yağlı toxumlar, meyvələr və digər məhsullar idxal olunub.

Abasov iki ölkə arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi üzrə təkliflərini nəzərə çatdırıb: "Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Argentina Respublikasının Kənd Təsərrüfatı, Heyvandarlıq və Balıqçılıq Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nda əməkdaşlığın sürətləndirilməsi məqsədilə birgə əməkdaşlıq proqramının tərtib olunması nəzərdə tutulur və bu proqramın tərtib olunması istiqamətində əməkdaşlıq sahələri üzrə aidiyyəti ekspertlərin qarşılıqlı səfərlərinin və digər zəruri tədbirlərin həyata keçirilməsi məqsədəuyğun hesab olunur; iki ölkə arasında ticarət dövriyyəsinin həcminin artırılması məqsədilə heyvan və bitki mənşəli məhsulların ticarətinin asanlaşdırılması istiqamətində tədbirlərin görülməsi, fitosanitariya və baytarlıq sertifikatlarının mübadiləsi və qarşılıqlı tanınmasına nail olunması vacib hesab olunur; bu sahədə uzunmüddətli əməkdaşlığın bazasının yaradılması məqsədilə baytarlıq və fitosanitariya sahələrində sazişlərin hazırlanması məqsədəuyğundur.

Xorxe Roballo səmimi qəbula görə öz təşəkkürünü bildirərək fəaliyyəti dövründə iki ölkə arasında ikitərəfli əlaqələrin daha da inkişaf etməsinə öz səylərini əsirgəməyəcəyini bildirib.

Xəbər lenti

Xəbər lenti