...

Şahin Mustafayev: Son 10 ildə Azərbaycan Rusiya iqtisadiyyatına yarım milyard dollardan çox investisiya qoyub

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Sentyabr 2012 16:45 (UTC +04:00)
Son 10 ildə Azərbaycan tərəfindən Rusiyaya təqribən 563 milyon ABŞ dolları həcmində investisiya qoyulub.
Şahin Mustafayev: Son 10 ildə Azərbaycan Rusiya iqtisadiyyatına yarım milyard dollardan çox investisiya qoyub

Azərbaycan, Bakı, 24 sentyabr /Trend/

Son 10 ildə Azərbaycan tərəfindən Rusiyaya təqribən 563 milyon ABŞ dolları həcmində investisiya qoyulub. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev Rusiya Federasiyasının Volqoqrad vilayətinin qubernatoru Sergey Bojenovla görüşündə bildirib.

"2004-2011-ci illərdə Azərbaycanda Rusiya kapitallı 261 şirkət qeydiyyata alınıb. Azərbaycan iqtisadiyyatına Rusiya tərəfindən 2002-2011-ci illərdə 366 milyon dollar həcmində investisiya yatırılıb. Rusiya şirkətləri Azərbaycanda həyata keçirilən bir sıra layihələrdə podratçı qismində iştirak edirlər", - nazir deyib.

Nazir qeyd edib ki, Rusiya Federasiyasının subyektləri ilə Azərbaycan arasında hökumətlərarası komissiyalar uğurla fəaliyyət göstərir, qarşılıqlı rəsmi və işgüzar səfərlər təşkil edilir, birgə biznes forum və sərgilər keçirilir.

"Azərbaycan və Rusiya arasında təkmil qanunvericilik bazası yaradılıb və indiyədək 160-dan çox sənəd imzalanıb. İki ölkə arasında iqtisadi sahədə əməkdaşlığın inkişafında hökumətlərarası komissiyanın fəaliyyəti əhəmiyyətlidir", - Mustafayev bildirib.

Ötən il iki ölkə arasında ticarət dövriyyəsi 2,8 milyard dollar təşkil edib, 2010-cu ilə nisbətən 47% artıb. Nazir hazırda ölkəmizin Rusiyanın 70-dən çox regionu ilə əməkdaşlıq etdiyini vurğulayıb.

Ölkəmizə səfərindən və Azərbaycanın davamlı iqtisadi inkişafından məmnunluğunu ifadə edən Rusiya Federasiyasının Volqoqrad vilayətinin qubernatoru Sergey Bojenov ölkələrimiz, eləcə də Azərbaycanla Rusiyanın regionları arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulayıb.

Görüşdə Azərbaycan və Rusiya Federasiyasının subyektləri arasında iqtisadi əməkdaşlığın inkişafı, ticarət əlaqələrinin genişləndirilməsi, qarşılıqlı investisiya qoyuluşu, iş adamları arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi məsələləri müzakirə olunub.

Xəbər lenti

Xəbər lenti