...

Şəmsəddin Hacıyev: Azərbaycan faizsiz maliyyələşdirmə sistemindən istifadənin imkanlarını öyrənməlidir (ƏLAVƏ OLUNUB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Sentyabr 2012 12:07 (UTC +04:00)
Faizsiz maliyyələşdirmə sistemindən istifadə müəyyən iqtisadi kataklizmlər barədə xəbərdarlıq edə bilər.
Şəmsəddin Hacıyev: Azərbaycan faizsiz maliyyələşdirmə sistemindən istifadənin imkanlarını öyrənməlidir (ƏLAVƏ OLUNUB)

(Çıxışlar əlavə olunub, birinci xəbər saat 11.29-da yayılıb)

Azərbaycan, Bakı, 25 sentyabr /Trend, müxbir C.Nəsibova/

Faizsiz maliyyələşdirmə sistemindən istifadə müəyyən iqtisadi kataklizmlər barədə xəbərdarlıq edə bilər. Ona görə də Azərbaycan üçün bu sistemdən istifadə imkanlarını nəzərdən keçirmək vacibdir. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyev çərşənbə axşamı Bakıda "Azərbaycanda islam maliyyə bazarının inkişaf perspektivləri" mövzusunda simpoziumun açılışında bildirib.

"Bu sistemin cəmi 40 ilə yaxın tətbiq olunmasına baxmayaraq, bu gün islam (faizsiz) maliyyələşdirməsinin inkişafında müsbət tendensiya müşahidə olunur. Bu sistemdən istifadə imkanlarına baxılması əhalinin 90 faizə yaxınını müsəlmanların təşkil etdiyi Azərbaycan üçün heç də az əhəmiyyətə malik deyil", - simpoziumun baş sponsoru kimi çıxış edən "Ansar Leasing Company" lizinq şirkətinin baş direktoru Ceyhun Nağıyev bildirib.

Nağıyev hesab edir ki, Azərbaycanda maliyyələşdirmənin bu istiqamətinin inkişafı üçün həm qanunvericilik, həm də elmi nöqteyi-nəzərdən bu məsələyə baxılması tələb olunur.

Simpoziumda Azərbaycan, Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanından islam maliyyələşdirməsi üzrə ekspertlər, professorlar və pedaqoqlar, azərbaycanlı deputatlar, İqtisadi İnkişaf, Maliyyə və Vergilər nazirliklərinin, eləcə də yerli bankların, lizinq və investisiya şirkətlərinin nümayəndələri iştirak edirlər.

Simpozium çərçivəsində Azərbaycanda alternativ maliyyə mənbəyi kimi islam maliyyə bazarının icmalı, bu gün və gələcəkdə Azərbaycanda islam maliyyə bazarının formalaşma perpektivləri, Azərbaycandakı investisiya layihələrində islam maliyyə institutlarının iştirakı imkanları, islam bankçılığı sahəsində fəaliyyət göstərən beynəlxalq institutların yerli maliyyə institutları ilə əməkdaşlığının formalaşması yolları müzakirə olunacaq.

Bu gün dünya maliyyə bazarında islam kapitalının payı 1,3 trilyon dollar həcmində dəyərləndirilir. Faizsiz maliyyələşdirmənin bu sistemi dünyanın 74 ölkəsində 400-dən artıq maliyyə təşkilatında tətbiq edilir.

Xəbər lenti

Xəbər lenti