...

Bakı üzrə daşınmaz əmlaklar haqqında elektron kadastr məlumat bazası yaradılır

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Oktyabr 2012 15:20 (UTC +04:00)
Əmlak Məsələləri Dövlət Komitəsi "Bakı şəhəri üzrə daşınmaz əmlaklar haqqında elektron kadastr məlumat bazasının yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtibi" layihəsinin ictimai təqdimatını keçirib.
Bakı üzrə daşınmaz əmlaklar haqqında elektron kadastr məlumat bazası yaradılır

Azərbaycan, Bakı, 10 oktyabr /Trend/

Əmlak Məsələləri Dövlət Komitəsi "Bakı şəhəri üzrə daşınmaz əmlaklar haqqında elektron kadastr məlumat bazasının yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtibi" layihəsinin ictimai təqdimatını keçirib.

Komitədən Trend-ə verilən məlumata görə, tədbirin başlıca məqsədi Bakı şəhərində başlanacaq kadastr layihəsinin uğurla həyata keçirilməsi məqsəd ilə maraqlı tərəflər və vətəndaşlar arasında maarifləndirmə, agahlıq və izahat işlərinin aparılması, digər əlaqədar icra qurumları ilə fəaliyyətin əlaqələndirilməsi, iş prosesində dəstəyə nail olunmasından ibarətdir. İctimai təqdimatda komitənin məsul işçiləri ilə yanaşı Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Şəhərsalma və Arxitektura Komitəsinin, Bakı Şəhər İcra Hakimiyyətinin, Dövlət Neft Şirkətinin, "Azərsu", "Azərenerji" və "Azəriqaz"ın, bələdiyyələr, yerli şəhər təşkilatlarının nümayəndələri iştirak ediblər. Həmçinin, tədbirəd komitənin həyata keçirdiyi layihələrdə birgə əməkdaşlıq etdiyi beynəlxalq şirkət və təşkilatlar, layihəyə cəlb olunmuş özəl şirkətlərin nümayəndələri, habelə əmlak bazarında fəaliyyət göstərən QHT-lər iştirak ediblər.

Tədbirdə qeyri-neft sektorunun inkişafında vacib rol oynayan və investisiya proseslərinə təkan verən Azərbaycanda daşınmaz əmlakın qeydiyyatı və kadastrı sahəsini əhatə edən hazırkı layihənin başlıca məqsədləri və gözlənilən nəticələr barədə ətraflı məlumat verilib. Qeyd edilmişdir ki, Azərbaycanda Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müasir dünya təcrübələrinə əsaslanan yeni kadastr sistemi formalaşdırılır. Ölkədə daşınmaz əmlakın kadastrı sahəsində qanunvericiliyin təkmilləşdirilməsi üçün normativ-hüquqi baza yaradılır, özəl kadastr mərzçəkənlər institutu formalaşdırılır, beynəlxalq əməkdaşlıq çərçivəsində kadastr sahəsində qabaqcıl dünya təcrübəsi öyrənilir, müxtəlif beynəlxalq layihələr həyata keçirilir, ölkəmizin kadastr sisteminə ən müasir texnika və texnologiyalar gətirilir.

Bildirilib ki, artıq icrasına başlanan "Bakı şəhəri üzrə daşınmaz əmlaklar haqqında elektron kadastr məlumat bazasının yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtibi" layihəsi, Dünya Bankının, Almaniyanın KfW Bankının və cəlb edilmiş beynəlxalq məsləhətçilərin tövsiyələri nəzərə alınmaqla hazırlanmış texniki tapşırığa əsasən elan edilən açıq tenderin qalibi Türkiyənin "Kutlubey Harita İnşaat Mühendislik Sanayi Ticaret A.Ş" şirkəti tərəfindən həyata keçiriləcək.

12 ay ərzində həyata keçiriləcək bu layihə çərçivəsində ilk olaraq Bakı şəhərinin Sabunçu və Suraxanı rayonlarında mövcud olan daşınmaz əmlak obyektləri barədə elektron kadastr məlumat bazası yaradılacaq. Belə ki, qeyd edilən rayonların rəqəmsal kadastr xəritələri tərtib ediləcək. Bu müddət ərzində həmçinin Bakı şəhərinin digər 9 rayonunun daşınmaz əmlaka dair rəqəmsal kadastr xəritələrinin tərtibi üçün zəruri kameral hazırlıq işləri görüləcək.

Layihəyə əsasən, Bakı şəhəri üzrə daşınmaz əmlaklar haqqında elektron kadastr məlumat bazasının yaradılması və rəqəmsal kadastr xəritələrinin tərtibi nəzərdə tutulur. Bu layihənin həyata keçirilməsi daşınmaz əmlak idarəçiliyinə, inkişaf planlaşdırılmasına və şəhər təsərrüfatının səmərəli idarəetməsinə informasiya təminatı baxımından əhəmiyyətli yardım edəcək. Bütün bunlar isə öz növbəsində vətəndaşlara göstərilən elektron xidmətlərin tətbiqi üçün mühüm informasiya mənbəyi olacaq.

Həmçinin, tədbirdə qeyd edilib ki, Azərbaycan hökumətinin maliyyə vəsaiti hesabına həyata keçirilən "Sumqayıt şəhəri üzrə daşınmaz əmlaklar haqqında elektron kadastr məlumat bazasının yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtibi" layihəsi başa çatmaq üzrədir.

Bildirilib ki, Azərbaycan və Almaniya hökumətləri arasındakı "Maliyyə əməkdaşlığı haqqında" sazişə əsasən, Əmlak Məsələləri Dövlət Komitəsi ilə Almaniya Federativ Respublikasının KFW Bankı arasında bağlanmış müqavilə şərtlərinə uyğun olaraq, Gəncə şəhərində və Şəki rayonunda "Kadastr və daşınmaz əmlakın qeydiyyatı" layihəsinin birinci fazasına dair işlər artıq yekunlaşdırılıb.

Elektron kadastr məlumat bazası icra və qanunvericilik orqanlarının strukturlarını, məhkəmələri, bankları, fiziki və hüquqi şəxsləri, bələdiyyələri qanunvericilikdə müəyyən edilmiş qaydalarda dövlət tərəfindən mövcudluğu tanınmış kadastr uçotu obyektləri barədə dolğun kadastr məlumatları ilə təchiz edəcək. Bu baza ölkədə ünvan, əhali, hüquqi şəxslərin reyestri və kadastr orqanları ilə informasiya mübadiləsi aparmağa, onlara daşınmaz əmlak obyektləri ilə bağlı kadastr informasiya dəstəyi verməyə imkan yaradacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti