Azərbaycan, Bakı, 18 oktyabr /Trend, müxbir C.Nəsibova/
Azərbaycan ilə Bosniya və Herseqovina arasında iqtisadi münasibətlər müxtəlif istiqamətlərdə fəal inkişaf edir və Rəyasət Heyətinin Sədri Bakir İzetbeqoviçin rəsmi səfəri bu münasibətlərin müsbət inkişaf tendensiyasını bir daha sübut edir.
Trend-in məlumatına görə, bu barədə cümə axşamı Bakıda keçirilən Azərbaycan-Bosniya və Herseqovina biznes forumunda Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri vəzifəsini icra edən Rüfət Məmmədov bildirib.
"Bugünkü tədbirin başlıca məqsədi ölkələr arasında ticarət əlaqələrinin intensiv inkişafı, eləcə də iqtisadi sektorda daha sıx əməkdaşlıqdır. Bundan başqa, biznes forumda investisiya münasibətlərinin inkişafına dair məsələlər və təkliflər də müzakirə olunacaq. Habelə, bir sıra ikitərəfli görüşlərin keçirilməsi gözlənilir", - Məmmədov deyib.
Biznes forumda Azərbaycan və Bosniya və Herseqovinada iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən şirkətlərin 70-dən artıq nümayəndəsi iştirak edir.