...

"Joint Leasing" lizinq faizlərini aşağı saldı

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Oktyabr 2012 14:41 (UTC +04:00)
"Joint Leasing Company" lizinq şərtlərini lizinq alanlar üçün daha da cəlbedici etmək məqsədi ilə lizinq üzrə faiz dərəcəsini endirdi.

Azərbaycan, Bakı, 29 oktyabr /Trend/

"Joint Leasing Company" lizinq şərtlərini lizinq alanlar üçün daha da cəlbedici etmək məqsədi ilə lizinq üzrə faiz dərəcəsini endirdi.

Şirkətdən Trend-ə verilən məlumata görə, yeni şərtlərə əsasən, ilkin ödənişi 35%-dən çox olan müştərilər üçün lizinq üzrə faiz dərəcələri 17%-dən başlayaraq veriləcək. Bundan əvvəl faiz dərəcələri lizinq məbləğindən asılı olaraq 18-20% təşkil edirdi.

Lizinq üzrə sərfəli faiz dərəcələri bu il noyabr ayının 1-dən etibarən tətbiq ediləcək.

Hazırda "Joint Leasing" şirkətindən kommersiya tipli daşınmaz əmlak, tikinti texnikası, tibbi avadanlıq, kənd təsərrüfatı və bütün növ avadanlıqlar, istehsalat xətləri, yük və minik avtomobillərini lizinqə götürmək olar. Səhmdarı, ölkənin və regionun ən böyük bankı olan Azərbaycan Beynəlxalq Bankının dəstəyi sayəsində "Joint Leasing" istər kiçik və orta, istərsə də ciddi maliyyə dəstəyi tələb edən iri biznes layihələrini maliyyələşdirməyə hazırdır.

"Joint Leasing" şirkəti Azərbaycanın lizinq bazarında uğurlu fəaliyyətini bu ilin əvvəlindən də davam etdirir. 2012-ci ilin əvvəlindən başlayaraq, şirkət müxtəlif sahələrdə reallaşdırılan layihələri maliyyələşdirmiş, sahibkarlarla və fərdi iş adamları ilə perspektivli işbirliyi qurmuşdur.

Bu ilin 1 oktyabr tarixinə şirkətin lizinq portfeli 35 mln. 231 min AZN təşkil etmişdir. Cari ilin doqquz ayı ərzində 34 yeni layihə maliyyələşdirilmişdir ki, bununla da 1 oktyabr tarixinə şirkətin maliyyələşdirdiyi icrada olan layihələrin sayı 191 olmuşdur.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə layihələrin sayında artım müşahidə olunmuşdur. Belə ki, 2011-ci ilin 9 ayı ərzində cəmi 18 yeni layihəyə maliyyə vəsaiti ayırmışdır. Ümumilikdə, 1 oktyabr 2011-ci il tarixinə icrada olan layihələrin sayı isə 171 olmuşdur.

"Joint Leasing Company" 2007-ci il 14 iyun tarixindən etibarən "Azərlizinq" şirkətinin hüquqi varisi kimi fəaliyyət göstərir. "Joint Leasing" şirkətinin təsisçiləri Böyük Britaniyanın DH Leasing LTD şirkəti (52,4%) və Azərbaycan Beynəlxalq Bankıdır (47,6%). Hazırda şirkətin nizamnamə kapitalı 700 min manat təşkil edir.

Azərbaycanın ilk lizinq şirkəti olan "Azərilizinq" BM 1999-cu ildə yaradılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti