...

"Ernst & Young" Azərbaycanın bank sektoru üçün "Hesablar planının tətbiqi" üzrə seminar keçirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Noyabr 2012 18:42 (UTC +04:00)
"Ernst & Young Holdinqs (SiAyEs) Bi.Vi." şirkəti Azərbaycanın bank sektoru üçün "Hesablar planının tətbiqi" üzrə bir həftəlik təlim kursu təşkil edib.
"Ernst & Young" Azərbaycanın bank sektoru üçün "Hesablar planının tətbiqi" üzrə seminar keçirib

Azərbaycan, Bakı, 22 noyabr /Trend/

"Ernst & Young Holdinqs (SiAyEs) Bi.Vi." şirkəti Azərbaycanın bank sektoru üçün "Hesablar planının tətbiqi" üzrə bir həftəlik təlim kursu təşkil edib. "Ernst & Young" şirkətinin Moskva və Bakı ofislərindən olan Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (MHBS) üzrə ekspertləri tərəfindən keçirilmiş seminarda Azərbaycanın kommersiya banklarının və Azərbaycan Mərkəzi Bankının (AMB) bölmələrinin nümayəndələri iştirak ediblər.

Şirkətdən Trend-ə verilən məlumata görə, hesablar planının aktuallığını saxlamaq, onu MHBS-ə və edilən yeniliklərə uyğunlaşdırmaq, banklara və bank sektoruna aid olan müvafiq yerli qaydalarda və qanunvericilikdə yenilikləri və son dəyişiklikləri, eləcə də bank xidmətlərində, məhsullarında və əməliyyatlarında baş vermiş dəyişiklikləri nəzərə almaq məqsədilə hesablar planı təkmilləşdirilib.

Təlimin məqsədi Azərbaycanın bank sistemini mühasibat uçotunda və əməliyyatların əks etdirilməsində hesabların istifadəsinə və onların ardıcıl şəkildə tətbiq edilməsinə dair göstərişlərlə təmin etmək olub. Təlimdə yeni hesabların, onların MHBS-ə aidiyyətinin təfsilatlı müzakirəsi və praktik halların təhlili aparılıb.

Auditoriya təqdimatlara, təlim materiallarına görə minnətdarlığını bildirib və "Ernst & Young" şirkətinin belə dəyərli tədbirin keçirilməsinə verdiyi töhfəni yüksək qiymətləndirib.

"Sizlərə və sizin hörmətli şirkətinizə "Hesablar planının tətbiqi" üzrə təlimin təşkil edilməsi və aparılmasına görə öz dərin təşəkkürümüzü bildirmək istərdim. Hesab edirəm ki, təlim zamanı ünsiyyətdə olduğum digər bankların bir çox nümayəndələri təlimin çox məhsuldar keçməsi fikri ilə razılaşacaqlar. Nəzərə alsaq ki, hazırda bankların hamısı öz səviyyələrində sizin AMB ilə birlikdə hazırladığınız yeni hesablar planının tətbiqi ilə məşğuldur və təqdim olunmuş hesablar planının strukturu və maliyyə hesabatlarının formalaşmasına dair yanaşmalar köhnə hesablar planı ilə müqayisədə xeyli dəyişib, bu təlimin həddindən artıq vacib və vaxtında keçirilmiş olduğunu hesab edirəm. Təlim müzakirələr və interaktiv ünsiyyət formasında keçirilib. Təlimçilərin səriştəsini xüsusi qeyd etmək və keçirilmiş təlimə, qoyulmuş bütün sualların peşəkarcasına cavablandırılmasına və yeni hesablar planında öz əksini tapmış mühasibat uçotunun beynəlxalq standartlarında anlaşılması çətin olan bəzi məqamların praktiki işiqlandırılmasına görə onlara öz təşəkkürümü bildirmək istərdim", - "Azəriqazbank" ASC-nin Audit Komitəsinin sədri Fikrət Baxışov təəssüratları ilə bölüşüb.

"Yapı Kredi Bank Azərbaycan" QSC-nin Direktorlar Şurasının üzvü, Maliyyə nəzarəti departamentinin rəhbəri Xalidə Həsənova əlavə edib: "Bu seminarın "Ernst & Young" şirkətinin Bakı ofisi tərəfindən keçirilməsi yerli banklar üçün xüsusi əhəmiyyət kəsb edir. Belə ki, həm yeni hesablar planının, həm də beynəlxalq uçot standartlarının tətbiqi ilə bağlı metodiki və praktik göstərişlər seminar iştirakçılarına müfəssəl şəkildə çatdırılıb, müzakirələr zamanı yaranmış bütün suallar aydın formada cavablandırılıb. Düşünürük ki, "Ernst & Young" şirkətinin Bakı ofisi tərəfindən mütəmadi olaraq keçirilən seminarlar Azərbaycanda bank sektorunun sürətli inkişafına öz müsbət təsirini göstərəcək və banklarla olan əməkdaşlığı daha da genişləndirəcək. Yeni hesablar planında yer alacaq yeniliklər Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının tərtib və təqdim edəcəkləri maliyyə hesabatlarında öz fəaliyyət sferalarını daha dolğun şəkildə əks etdirmələri üçün əlverişli şərait yaradacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti