...

BMT-nin İnkişaf Proqramı ilə DSMF arasında gələcək əməkdaşlığın istiqamətləri müzakirə edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Dekabr 2012 11:48 (UTC +04:00)
BMT-nin ölkəmizdə yeni təyin olunmuş rezident əlaqələndiricisi Antonius Broek Dövlət Sosial Müdafiə Fondunda (DSMF) olub.
BMT-nin İnkişaf Proqramı ilə DSMF arasında gələcək əməkdaşlığın istiqamətləri müzakirə edilib

Azərbaycan, Bakı, 11 dekabr /Trend/

BMT-nin ölkəmizdə yeni təyin olunmuş rezident əlaqələndiricisi Antonius Broek Dövlət Sosial Müdafiə Fondunda (DSMF) olub.

Fonddan Trend-ə verilən məlumata görə, əvvəlcə qonağa DSMF-nin iş şəraiti ilə bağlı ətraflı məlumat verilib. Broek Fondun avtomatlaşdırılmış idarəetmə sisteminin fəaliyyəti, fərdi uçot sahəsində görülən işlərlə tanış olub. DSMF sədri Səlim Müslümov sığorta-pensiya sistemində gercəkləşdirilən davamlı islahat tədbirləri nəticəsində Azərbaycanın özünəməxsus sığorta-pensiya modelinin formalaşdığını vurğulayıb.

"Bu model müasir sığorta-pensiya sistemlərinin mühüm elementlərini özündə birləşdirir",- deyən DSMF sədri sığorta-pensiya sisteminın gələcək inkişaf istiqamətlərindən də danışıb. Sistemin inkişafının beynəlxalq standartlar üzrə həyata keçirilən aktuar hesablamalara əsaslanaraq aparıldığını qeyd edən Müslümov Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq, sığorta-pensiya sisteminin uzunmüddətli inkişafı üzrə strateji hədəflərin müəyyənləşdirilməsi və sistem göstəricilərinin müasir tələblərə uyğunlaşdırılması məqsədilə "Pensiya təminatı sisteminin islahatı Konsepsiyası" layihəsinin hazırlanacağını vurğulayıb. Hazırda layihə üzərində işin getdiyini, bir sıra istiqamətlərdə beynəlxalq təcrübənin öyrənildiyini və müvafiq təhlillərin aparıldığını söyləyən DSMF sədri ölkəmizdə sosial sığorta və pensiya sahəsində reallaşdırılan islahatlarda ən yaxşı tərəfdaş kimi BMT-nin İnkişaf Proqramının səylərini də yüksək qiymətləndirib.

Öz növbəsində, Broek son illər ölkəmizin sığorta-pensiya sistemində əsaslı islahatların keçirildiyini və bu islahatların ölkəmiz üçün mühüm əhəmiyyət daşıdığını bildirib. DSMF ilə BMT-nin İnkişaf Proqramı arasında uğurlu əməkdaşlığın mövcudluğuna toxunan Broek bu münasibətlərin davam edəcəyinə əminliyini vurğulayıb.

Görüşdə "Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun potensialının gücləndirilməsi" layihəsinə dair BMT-nin İnkişaf Proqramı ilə imzalanmış sazişə uyğun olaraq görülən işlər nəzərdən keçirilib. Eyni zamanda, DSMF-də Beynəlxalq Regional Təlim və Tədqiqat Mərkəzinin yaradılması və digər əməkdaşlıq sahələri müzakirə edilərək, həmin istiqamətlərdə işlərin davam etdirilməsi qərara alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti