...

Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri Biznes Şurası yaradılacaq (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Dekabr 2012 16:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 dekabr /Trend/

Dubayda iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri birgə hökumətlərarası komissiyasının 4-cü iclası keçirilib.

İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdə Azərbaycanı iqtisadi inkişaf naziri, hökumətlərarası komissiyanın həmsədri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) tərəfdən iqtisadiyyat naziri Sultan Bin Səid Əl Mansoorinin rəhbərlik etdiyi komissiyada bu ölkənin müvafiq dövlət qurumlarının nümayəndələri təmsil olunub.

İclasda çıxış edən hökumətlərarası komissiyanın BƏƏ tərəfdən həmsədri, iqtisadiyyat naziri Sultan Bin Səid Əl Mansoori ölkəsinin Azərbaycanla əlaqələrin genişlənməsində maraqlı olduğunu vurğulayıb və bunun üçün hər iki ölkənin böyük potensiala malik olduğunu qeyd edib. Bildirilib ki, son illər BƏƏ Azərbaycanın əsas iqtisadi tərəfdaşına çevrilib. İki ölkə arasında müxtəlif sahələrdə, xüsusilə də turizm, nəqliyyat, təhsil, səhiyyə, tikinti və kənd təsərrüfatı sahələrində fəal əməkdaşlıq müşahidə edilir. Sultan Bin Səid Əl Mansoori BƏƏ və Azərbaycan arasında iqtisadi əlaqələrin genişlənməsində özəl sektorun da əhəmiyyətli rol oynadığını vurğulayıb.

İqtisadi inkişaf naziri Şahin Mustafayev Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu, qarşılıqlı dostluq və hörmət prinsiplərinə əsaslandığını vurğulayıb: "Beynəlxalq məsələlərdə ölkələrimizin mövqeləri üst-üstə düşür, beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri bir-birinin mövqeyini daim dəstəkləyir".

Qeyd edilib ki, iki ölkə arasında möhkəm müqavilə-hüquq bazası yaradılıb, indiyədək 20-dən çox sənəd imzalanıb. Yüksək səviyyəli siyasi münasibətlər və möhkəm müqavilə-hüquq bazası iqtisadi əməkdaşlığın inkişafı üçün olduqca əlverişli zəmin yaradır. Təsadüfi deyil ki, ölkələrimiz arasında ticarət əlaqələri ildən-ilə genişlənir, ticarət dövriyyəsi 2010-cu illə müqayisədə ötən il 52%, bu ilin yanvar-oktyabr aylarında isə 29% artıb. Hazırda Azərbaycanda BƏƏ sərmayələri əsasında 122 şirkət fəaliyyət göstərir və bu şirkətlər tərəfindən Azərbaycanın qeyri-neft sektoruna 260 milyon ABŞ dollarından çox birbaşa investisiyalar yatırılıb. Azərbaycan şirkətləri də BƏƏ-də uğurla fəaliyyət göstərirlər. "SOCAR TRADİNG S.A" şirkəti tərəfindən "SOCAR Aurora Fujairah Terminal FZE" terminalı tikilməkdədir və indiyədək terminalın tikintisinə 33 milyon ABŞ dolları yatırılıb.

Mustafayev qeyd edib ki, ötən ay Bakıda açılmış Dubay Ticarət və Sənaye Palatasının nümayəndəliyi qurumun xaricdə ilk nümayəndəliyi olmaqla, bütün MDB məkanını əhatə edəcək. Palatanın ilk ofisinin məhz Azərbaycanda açılması ölkələrimiz arasında əməkdaşlığa verilən əhəmiyyətin daha bir göstəricisidir.

Azərbaycan-BƏƏ hökumətlərarası komissiyasının 3-cü iclasından ötən müddət ərzində görülmüş işlər barədə məlumat verən nazir Şahin Mustafayev bildirib ki, sənaye, maliyyə əməkdaşlığı, sərnişin və yük daşımaları, turizm və s. sahələrdə əməkdaşlıq uğurla davam etdirilib, bu sahələrdə bir sıra işlər görülüb.

Mustafayev Azərbaycan iqtisadiyyatı barədə də məlumat verib. Qeyd edilib ki, 20 il ərzində Azərbaycanda bütün sahələrdə böyük keyfiyyət dəyişiklikləri baş verib, ölkəmiz iqtisadi sahədə yüksək nəticələrə nail olub. 2004-2011-ci illərdə ÜDM 3 dəfə, onun adambaşına düşən həcmi 2,7 dəfə, sənaye istehsalı 2,7 dəfə, dövlət büdcəsinin gəlirləri 13 dəfə artıb. Hazırda ölkənin strateji valyuta ehtiyatları 44 milyard ABŞ dollarını ötərək xarici dövlət borcunu təxminən 10 dəfə üstələyib. Son 8 ildə ölkədə işsizlik səviyyəsi 1,8 dəfə, yoxsulluq səviyyəsi isə 5,9 dəfə azalıb. Müstəqillik illəri ərzində Azərbaycan iqtisadiyyatına 135 milyard ABŞ dollarından artıq investisiya qoyulub ki, bunun da yarısı xarici investisiyaların payına düşür. Xarici investisiyaların adambaşına düşən həcminə görə, Azərbaycan MDB məkanında qabaqcıl yerlərdən birini tutur.

Hökumətlərarası komissiyanın iclasında Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında ticarət-iqtisadi, investisiya, sənaye və energetika, rabitə və informasiya texnologiyaları, kənd təsərrüfatı, nəqliyyat, bankçılıq, mədəniyyət və turizm, təhsil və digər sahələrdə əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.

İclas çərçivəsində, həmçinin, "Azərbaycan-BƏƏ Biznes Şurasının yaradılması haqqında" anlaşma memorandumu imzalanıb.

İclasın sonunda Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 4-cü iclasının yekunlarına dair protokol imzalanıb. Sənədi hökumətlərarası komissiyanın həmsədrləri - Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev və Birləşmiş Ərəb Əmirliklərinin iqtisadiyyat naziri Sultan Bin Səid Əl Mansoori imzalayıblar. Sənəddə hüquq-müqavilə bazasının genişləndirilməsi istiqamətində müvafiq tədbirlərin davam etdirilməsi, investisiya əməkdaşlığı, o cümlədən üçüncü ölkələrə birgə investisiya yatırmaq imkanlarının nəzərdən keçirilməsi, iş adamları arasında əlaqələrin inkişafı, texnoparkların, o cümlədən yüksək texnologiyalar parklarının fəaliyyəti üzrə əməkdaşlıq, ali və texniki peşə təhsili sahəsində əlaqələrin genişləndirilməsi və s. məsələlər nəzərdə tutulur.

Səfər çərçivəsində BƏƏ-nin vitse-prezidenti, Baş naziri və Dubay əmiri Şeyx Məhəmməd bin Rəşid əl-Məktum iqtisadi inkişaf naziri Şahin Mustafayevi qəbul edib. Görüşdə iki ölkə arasındakı mövcud iqtisadi əlaqələr və əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib.

Azərbaycan nümayəndə heyəti ilə Birləşmiş Ərəb Əmirliklərinin iqtisadiyyat naziri Sultan Bin Səid Əl Mansoori arasında keçirilmiş görüşdə iqtisadiyyatın müxtəlif sahələrində əlaqələrin inkişaf etdirilməsi və iş adamları arasında əlaqələrin genişləndirilməsi imkanlarına dair fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti