...

Ernst & Young: Dəyərsizləşmə ilə bağlı təkliflər kredit zərərləri üçün ehtiyatların artırılmasına gətirib çıxaracaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Mart 2013 17:14 (UTC +04:00)
Bu gün Mühasibat Uçotunun Beynəlxalq Standartları Komitəsi (“MUBSK”), 9 saylı MHBS üzrə maliyyə alətləri layihəsinin bir hissəsi olaraq, müəssisələrdən kreditlərə, borc qiymətli kağızlarına, ticarət debitor borclarına, icarə üzrə debitor borclarına, kredit öhdəliklərinə və maliyyə zəmanəti müqavilələrinə gözlənilən kredit zərəri modelinin tətbiq edilməsini tələb edən təklif dərc etmişdir.
Ernst & Young: Dəyərsizləşmə ilə bağlı təkliflər kredit zərərləri üçün ehtiyatların artırılmasına gətirib çıxaracaq

Azərbaycan, Bakı, 15 mart /Trend/

Bu gün Mühasibat Uçotunun Beynəlxalq Standartları Komitəsi ("MUBSK"), 9 saylı MHBS üzrə maliyyə alətləri layihəsinin bir hissəsi olaraq, müəssisələrdən kreditlərə, borc qiymətli kağızlarına, ticarət debitor borclarına, icarə üzrə debitor borclarına, kredit öhdəliklərinə və maliyyə zəmanəti müqavilələrinə gözlənilən kredit zərəri modelinin tətbiq edilməsini tələb edən təklif dərc etmişdir.

Təkliflər həm maliyyə institutlarına, həm də müəssisələrə təsir göstərəcək və çox güman ki, hazırda işlədilən çəkilmiş zərər modeli ilə müqayisədə kredit zərərlərinin daha erkən tanınmasına gətirib çıxaracaq, çünki müəssisələrdən gələcəkdə gözlənilən zərərləri də daxil edən 12 aylıq və ya bütün müddət üzrə gözlənilən kredit zərəri üçün ehtiyatın tanınması tələb olunacaqdır.

Ernst & Young-ın MHBS Maliyyə Alətləri üzrə qlobal lideri Toni Kliford deyir: "Biz MUBSK-nın gözlənilən kredit zərəri modelinə dair təklifini dəstəkləyirik, çünki bu model artıq baş vermiş kredit zərərlərindən əlavə gələcəkdə baş verməsi gözlənilən zərərləri də tanıyan daha mütərəqqi bir metoddur. Təkliflər müəssisənin kredit riskini və ehtiyatların yaradılması prosesini daha yüksək şəffaflıqla təmin edir və yəqin ki, bir çox maliyyə institutları tərəfindən uçota alınan kredit zərəri üçün ehtiyatın artırılmasına gətirib çıxaracaq. Lakin, ehtiyatda artım müəssisələrdən asılı olaraq dəyişəcək və daha qısa müddətli və daha yüksək keyfiyyətli maliyyə aktivləri olan müəssisələrə daha az təsir göstərəcək."

MUBSK-nın təklifləri ABŞ-ın Maliyyə Hesabatları Standartları Şurası (MHSŞ) ilə birgə layihələrdən yaranmışdır. Lakin, MHSŞ-nın üzvləri modelin mürəkkəbliyi ilə bağlı narahatlıq bildirdikləri üçün MHSŞ, birlikdə işlənib hazırlanmış əsas prinsiplərin çoxunu saxlamaqla, vahid qiymətləndirmə məqsədi olan alternativ model təklif etmişdir. MHSŞ-nin hazırda tətbiq edilən kredit zərəri modeli müəssisələrdən müqavilə ilə nəzərdə tutulmuş, lakin toplanması gözlənilməyən pul vəsaitlərinin hərəkətlərinin cari qiymətləndirilməsi ilə bağlı kredit zərəri üçün ehtiyatın tanınmasını tələb edir.

Yekun olaraq, cənab Klifford qeyd edir: "Ümid edirik ki, Komitələr özlərinin müvafiq təkliflərinə dair şərhləri birlikdə müzakirə edəcək. Bu, kredit zərəri üçün ehtiyatların davamlı uçotunun aparılmasına təkan verən və maraqlı tərəfləri daha çox müqayisə aparmaq imkanını yaradan vahid qərar üzərində işləmək üçün şərait yaradacaq. Münasib hallarda üzvlər əməliyyatlarda tətbiq oluna bilən və bütün aidiyyəti tərəflərin maraqlarına xidmət edən güclü standartın işlənib hazırlanmasına kömək etmək üçün MUBSK-nın işçi heyətinin maarifləndirilməsində iştirak etməlidir."

"Azərbaycan bankları MHBS-da gözlənilən dəyişiklikləri ciddi şəkildə nəzərdən keçirməlidir. Müzakirələrin yekunlaşmasına hələ kifayət qədər vaxtın qalmasına baxmayaraq, banklar yeni gözlənilən zərər modelinin tətbiq edilməsi üçün tələb olunan addımların mahiyyətini lazımınca qiymətləndirməlidir", deyərək, Ernst & Young şirkətinin Azərbaycandakı ofisində audit üzrə partnyor Turqay Teymurov əlavə etdi.

Kommersiya təkliflərinə dair şərhlərin təqdim edilməsi müddəti 4 iyul 2013-cü il tarixində bitir.

Ernst & Young-ın MHBS ilə bağlı xidmətləri

Ernst & Young-ın MUBSK-nın bu və digər layihələrinə dair şərhləri haqqında əlavə məlumat üçün www.ey.com/ifrs saytına daxil olun.

Ernst & Young haqqında

Ernst & Young audit, vergi, əməliyyatların müşayiət olunması və məsləhət xidmətləri üzrə qlobal liderdir. Bizim 167,000 əməkdaşımızı birgə dəyərlər və keyfiyyətə sadiqlik birləşdirir. Biz əməkdaşlarımızın, müştərilərimizin və daha geniş ictimaiyyətin potensialını açaraq, perspektivlər yaradırıq.

Ernst & Young, müştərilərin ehtiyaclarını nəzərə alaraq, bütün MDB-də xidmət və resurslarını genişləndirir. Moskva, Sankt-Peterburq, Bakı, Almatı, Astana, Kiyev, Daşkənd, Tbilisi və digər şəhərlərdə yerləşən 19 ofisdə 4000 peşəkar çalışır.

Daha ətraflı məlumatla www.ey.com ünvanında tanış ola bilərsiniz.

Ernst & Young Azərbaycanda

Ernst & Young 18 il bundan əvvəl Bakıda ofis açmaqla və yerli maliyyə xidmətləri qrupunu genişləndirməklə Azərbaycana və regiona öz dəyərli töhfəsini vermişdir. Bu gün biz, Azərbaycanda fəaliyyət göstərən aparıcı firma olmaqla yanaşı, bütün bölgədə də liderik. Geniş bilik və təcrübəmiz sayəsində biz həm yerli, həm beynəlxalq şirkətlərə, həm də dövlət müəssisələrinə beynəlxalq iqtisadi məsələlərlə bağlı çətinlikləri dəf etməyə kömək edirik.

Hal-hazırda Bakı ofisimizdə Azərbaycan Respublikasındakı müştərilərimizə, o cümlədən banklara və digər maliyyə təşkilatlarına xidmət göstərən 140 işçi çalışır. Ernst & Young-ın Xəzər regionundakı güclü mövqeyi və firmanın öz resurslarından tam şəkildə istifadə etməsi regionda fəaliyyət göstərən müəssisələr üçün böyük əhəmiyyət kəsb edir. Bu, firma inkişaf etdikcə, Ernst & Young-ın yerli mütəxəssisləri cəlb etmək və onları təcrübəmizdə aparıcı mövqe tutmaq üçün təlimləndirmək ənənəsinə sadiq qalacağı deməkdir.

Daha ətraflı məlumatla www.ey.com/Azerbaijan ünvanında tanış ola bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti