Azərbaycan, Bakı, 24 aprel /Trend/
Nüfuzlu "EMEA Finance Europe" beynəlxalq maliyyə jurnalı "Banking Awards 2012"nin sahiblərinin siyahısını açıqlayıb. Səsvermənin nəticələrinə görə, "Azərbaycanın ən yaxşı İnvestisiya Bankı" nominasiyasında "PAŞA Bank" artıq ardıcıl olaraq ikinci dəfə qalib seçilib. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü bank tərəfindən yayılan məlumatda bildirilir.
Bankın idarə heyətinin üzvü, İnvestisiyalar üzrə baş direktor (CIO) Taleh Kazımovun sözlərinə görə, "PAŞA Bank"ın investisiya istiqamətində fəaliyyətinin nəticələri peşəkar ictimaiyyət tərəfindən yenə də yüksək qiymətləndirilib və bu səbəbdən bank ardıcıl olaraq ikinci dəfə bu mükafata layiq görülüb. T.Kazımov qeyd edib ki: "İki ildən bir qədər artıq müddət ərzində "PAŞA Bank" tərəfindən 9 buraxılışla ümumi məbləği 97,8 mln. manata bərabər 6 emitentin korporativ istiqraz vərəqələri buraxılıb (müxtəlif sahələrin nümayəndələri, o cümlədən bank, lizinq və telekommunikasiya sektorları daxil olmaqla). "PAŞA Bank" anderrayter olduğu bütün böyük buraxılışlar üzrə təkrar bazarda marketmeyker xidmətləri göstərir. Xatırladım ki, 2012-ci ildə "PAŞA Bank" Azərbaycan İpoteka Fondunun ipoteka istiqrazları üzrə marketmeyker xidmətlərini göstərməyə başlanılıb. Bazarda yüksək likvidliyi nəzərə alaraq, təkrar bazarda 7-illik ipoteka kağızlarının gəlirliliyi 3 faizdən 2,962 faizədək enib (emissiyanın həcmi - 55 mln. AZN). 2012-ci ilin sonuna yerli qiymətli kağızlar portfeli 300 mln. AZN (382 mln.ABŞ dollarından çox) təşkil edib ki, bu, yerli bazarda qiymətli kağızların 50 faizdən çoxunu təşkil edir. İlin yekunlarına görə qiymətli kağızların ümumi portfeli 335 mln. AZN-dən (427 mln. ABŞ dollarından çox) yuxarı olmuşdur - ötən illə müqayisədə artım 23,7 faiz təşkil edib".
"PAŞA Bank" öz müştərilərinə korporativ istiqraz vərəqələri üzrə put-opsionların satışı xidmətlərini göstərməyə başlayıb (2012-ci il ərzində ümumi məbləği 3 mln. AZN olmaqla 2 opsion satılıb).
Bütün il ərzində "PAŞA Bank" bir çox layihələri həyata keçirməyə müvəffəq olub. Bu layihələrin sırasında "PAŞA Bank"ın Azərbaycanın özəl bankları arasında, ilk dəfə olaraq, avrobondların iri həcmli buraxılışında ko-menecer rolunda iştirak etməsi xüsusi yer tutur (Baghlan Group, 150 mln. ABŞ dolları).
İlin ikinci yarısında bank dünyanın aparıcı reytinq agentlikləri tərəfindən 2 beynəlxalq reytinqə layiq görülüb. Belə ki, Fitch Ratings PAŞA Banka "B+" səviyyəsində emitent defoltunun uzunmüddətli reytinqini ("sabit" proqnoz), Standard & Poor's - uzunmüddətli "BB-" və qısamüddətli "B" reytinqini (reytinqin dəyişməsinin "sabit" proqnozu) vermişdir. S&P-nin verdiyi reytinq ölkənin 100 faiz yerli kapitala malik özəl bankları arasında ən yüksək, Azərbaycanın bütün özəl bankları arasında isə, ikinci ən yaxşı reytinqdir.
Qeyd edək ki, "Europe Banking Awards"ın qalibləri səsvermənin nəticələrinə görə müəyyən edilir. Səsvermədə maliyyə sektoru üzrə dünyanın aparıcı ekspert-analitikləri və bank konsultantları iştirak edir. İnkişafda olan ölkələrin bazarlarının bank sektorunun təhlili zamanı aktivlərin artımı, mənfəətlilik, strateji əlaqələrin inkişafı, müştərilərə xidmət sahəsi, rəqabət qabiliyyətliliyi, innovasiya məhsulları xətti və s. kimi meyarlar nəzərə alınır.
"Europe Banking Awards 2012"nin mükafatlandırma mərasimi iyunun 5-də Avstriyada baş tutacaq.