Azərbaycan, Bakı, 26 aprel /Trend, müxbirlər A.Axundov, E.İsmayılov/
ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) istiqraz vərəqələrinin buraxılışı qlobal investorlar üçün çox əhəmiyyətli siqnal olacaq. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında cümə günü Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlı bildirib.
"ARDNŞ-in qiymətli kağızlar bazarında iştirakı çox müsbət amildir. Dövlət Neft Şirkəti hələ ki, İPO istehsal etmir, lakin onun istiqraz vərəqələrinin emitenti kimi iştirakı investorlar üçün çox əhəmiyyətli siqnal olardı", - Aslanlı bildirib.
Onun sözlərinə görə, hələlik ARDNŞ tərəfindən vərəqələrin buraxılışı barədə heç bir müraciət daxil olmayıb.
"Biz ARDNŞ rəhbərliyi ilə bir neçə dəfə müzakirələr aparmışıq və şirkətin yaxın vaxtlarda qiymətli kağızlar bazarına çıxması haqqında konsensus əldə olunub. Biz bazarın qəbuletmə, daha doğrusu, onun hansı həcmlərlə bazara çıxa bilmə imkanlarını müzakirə etmişik. Bunun üçün ARDNŞ daxili bazardan resursları cəlb etmək vəziyyətindədir. Bu prosesin davamı üçün ilk buraxılışı müvəffəqiyyətlə həyata keçirmək lazımdır", - Aslanlı bildirib.
Onun sözlərinə görə, ARDNŞ hazırlıq işlərini aparır və istiqraz vərəqələrin birinci yerləşdirilməsinin 2013-cü ildə baş tutacağı gözlənilir.