Azərbaycan, Bakı, 7 may / Trend, müxbir H. Vəliyev/
Bu il Azərbaycanda taxıl istehsalının həcmi ən azı 2,8 milyon ton səviyyəsində gözlənilir. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı jurnalistlərə kənd təsərrüfatı naziri İsmət Abasov deyib.
"Əgər daha əvvəl maksimum istehsal həcmi bu səviyyədə proqnozlaşdırılırdısa, hazırda regionlardan və rayonlara ezamiyyətə göndərilmiş nazirlik əməkdaşlarından daxil olan məlumatlara görə cari ildə bu rəqəmin daha yüksək olacağını güman edirəm", - nazir qeyd edib.
Nazir hesab edir ki, buna baxmayaraq, Azərbaycanın idxaldan asıllığı hələ də saxlanılacaq.
"Taxıl məhsulları təkcə ərzaq buğdası deyil, həm də heyvandarlıq üçün nəzərdən tutulan yemdir. Dövlət başçısının tapşırığına əsasən, biz iri fermer təsərrüfatlarının yaradılması üzrə işlərə başlamışıq. Gələcəkdə kənd təsərrüfatı məhsullarının bütün növlərilə, həmçinin ərzaq buğdası ilə özümüzü tam təmin edə biləcəyik", - nazir deyib.