Azərbaycan, Bakı, 8 may/Trend, müxbir A. Axundov/
İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) 2013-cü il mayın 3-də Gədəbəy rayonunun Zəhmət kəndində "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda tədbir keçirib. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü nazirliyin yaydığı məlumatda deyilir.
Tədbir çərçivəsində yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılmış, SKMF tərəfindən Gədəbəy rayonu üzrə sahibkarlıq subyektlərindən aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib:
- intensiv kartofçuluq və ya yüksək məhsuldar kartof toxumçuluğu təsərrüfatlarının yaradılması;
- kiçik cins heyvandarlıq və arıçılıq təsərrüfatlarının yaradılması;
- cır meşə meyvələrinin və balın sənaye üsulu ilə emalı və qablaşdırılması müəssisələrinin yaradılması.
Sahibkarlar bu sahələr üzrə nümunəvi layihələri SKMF-dən əldə edə bilərlər. Sahibkarların istəyinə əsasən, kiçik həcmli investisiya layihələrinin dəyərinin 100%-dək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəkdir. Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.
Əlavə məlumat üçün SKMF-ə müraciət etmək olar:
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172
Telefon: (012) 434-74-29
Faks: (012) 432-37-17
e-mail: [email protected]