...

İran vergi sisteminin elektronlaşdırılması sahəsində Azərbaycanın təcrübəsindən faydalanmaq niyyətindədir (ƏLAVƏ OLUNUB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 May 2013 19:10 (UTC +04:00)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 17:17-də yayılıb)

Azərbaycan, Bakı, 14 may /Trend/

İran İslam Respublikasının Milli Vergi Administrasiyasının rəhbəri Əli Əskərinin başçılıq etdiyi nümayəndə heyəti mayın 13-dən Azərbaycanda səfərdədir. Səfərdə məqsəd Azərbaycanın milli vergi sistemi ilə yaxından tanış olmaq, qarşılıqlı maraq doğuran sahələrdə təcrübə mübadiləsi aparmaqdır.

Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, nümayəndə heyətinə İran Milli Vergi Administrasiyasının Birbaşa vergilər departamentinin direktor müavini Hüseyn Vəkili, İnformasiya texnologiyaları mərkəzinin direktoru Nader Aryah, İran parlamentinin iqtisadi missiyasının nümayəndələri Həmid Reza Hosusi və Məhnaz Bəhməni daxildir.

Səfər çərçivəsində qonaqlar Vergilər Nazirliyinin "195 telefon məlumat xidməti" ilə tanış olub, son illər vergi qanunvericiliyinin və inzibatçılığının təkmilləşdirilməsi istiqamətində Azərbaycanda həyata keçirilən islahatlar, yeni informasiya texnologiyalarının tətbiqinə dair təqdimatları dinləyiblər. Nümayəndə heyətinin üzvləri Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "ASAN xidmət" Mərkəzinin, Vergilər Nazirliyinin "bir pəncərə" sahibkarlıq subyektlərinin qeydiyyatı sistemi və Xüsusi Rejimli Vergi Xidməti Departamentinin fəaliyyəti ilə yaxından tanış olublar.

Mayın 14-də vergilər naziri, 2-ci dərəcəli dövlət vergi xidməti müşaviri Fazil Məmmədov nümayəndə heyətini qəbul edib. Qonaqları salamlayan nazir ölkələrimiz arasında mövcud olan mehriban qonşuluq münasibətləri barədə danişmış, hər iki ölkənin rəhbərləri arasında olan dostluq münasibətlərinin hökumətlər və ayrı-ayrı qurumlar arasında əməkdaşlığın inkişafına da müsbət təsir göstərdiyini vurğulayaraq, Azərbaycan və İranın vergi orqanları arasında əlaqələrin gələcəkdə daha da inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.

Ölkəmizin vergi sistemində son illər aparılan islahatlar və qarşıya qoyulmuş strateji hədəflər barədə məlumat verən F.Məmmədov, yaxın gələcəkdə müasir informasiya texnologiyalarının tətbiqi, birinci mərhələsi başa çatmaqda olan elektron audit layihəsinin həyata keçirilməsi, partnyorluq sazişlərinin bağlanılmasına başlanılması, nəzarət sistemində daha şəffaf və asan yollardan istifadə olunmasına üstünlük verilməsi kimi məsələlərin prioritet olduğunu diqqətə çatdırıb.

İran Milli Vergi Administrasiyasının rəhbəri Əli Əskəri ölkələrimiz arasında qonşuluq, dostluq və sıx əməkdaşlıq münasibətlərinin, İran İslam Respublikası və Azərbaycan Respublikasının ikitərəfli və beynəlxalq səviyyədə bütün sahələrdə möhkəm əməkdaşlıq əlaqələrinin olduğunu qeyd edib. Əli Əskəri Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi, müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiq olunması və yeni texnoparkların yaradılmasının maraqlı təcrübə olduğunu qeyd edib, bu istiqamətlərdə əməkdaşlıq üçün kifayət qədər böyük potensial olduğunu vurğulayıb.

Cari ilin yanvar ayında Tehranda EKO üzvü olan ölkələrin vergi administrasiyaları rəhbərlərinin iclasında Azərbaycan nümayəndə heyətinin təqdimatlarının böyük maraq doğurduğunu xatırladan Əli Əskəri bundan sonra Azərbaycanın vergi sahəsindəki təcrübəsi ilə yerində tanış olmaq üçün İran Milli Vergi Administrasiyasının rəhbər vəzifəli şəxslərindən və İran Parlamentinin nümayəndələrindən ibarət böyük bir nümayəndə heyəti ilə Azərbaycana gəldiklərini və burada gördüklərindən çox məmnun olduqlarını bildirib.

Xüsusilə, Azərbaycanın vergi sistemində son 10 ildə aparılmış islahatların nəticələrinin onlar üçün çox maraqlı olduğunu diqqətə çatdıran İran Milli Vergi Administrasiyasının rəhbəri xüsusilə vergi sisteminin elektronlaşdırılması, vergi ödəyicilərinə xidmət, ƏDV inzibatçılığı sahəsində Azərbaycanın əldə etdiyi təqdirəlayiq təcrübədən faydalanmaq niyyətində olduqlarını bildirib.

Görüşə yekun vuran vergilər naziri Fazil Məmmədov ölkələrimizin vergi administrasiyalarının strateji hədəfləri arasında böyük oxşarlıqlar olduğuna diqqət çəkərək, inkişaf etmiş qərb olkələrinin təcrübəsindən faydalanmaqla yanaşı, qonşu şərq ölkələrində də kifayət qədər müsbət təcrübə toplandığını və bu təcrübədən də yararlanmaq üçün ikitərəfli və çoxtərəfli əlaqələrin gücləndirilməsinin vacibliyini qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlərlə də bağlı fikir mübadiləsi aparılıb, bu kimi səfərlərin təşkili Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında vergi sahəsində ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi baxımından faydalı hesab edilib.

Görüşdə İran İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Möhsün Pakayin də iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti