...

Şahin Mustafayev: Sumqayıt Kimya Sənaye Parkının Azərbaycanın ixrac potensialının artırılmasında əhəmiyyətli rolu olacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 May 2013 16:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 may /Trend, müxbir E.Əliyev/

Sumqayıt Kimya Sənaye Parkının kimya sənayesinin inkişafında, bu sahədə ixrac potensialının artırılmasında da əhəmiyyətli rolu olacaq. Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev belə hesab edir.

Onun sözlərinə görə, hazırda ölkədə müxtəlif istiqamətlərdə (Balaxanı Sənaye, Sumqayıt Kimya Sənaye və Yüksək Texnologiyalar) sənaye parklarının təşkili istiqamətində ardıcıl işlər aparılır.

"Sumqayıt Kimya Sənaye Parkının işinin yüksək səviyyədə qurulması məqsədilə bu sahədə böyük təcrübəyə malik məsləhətçi şirkət cəlb edilib. Məsləhətçi şirkət tərəfindən Azərbaycanın neft-kimya sektoru üzrə təhlillər aparılıb, rəqabətqabiliyyətli yeni məhsulların istehsalı, xarici və yerli investorların cəlb edilməsi üçün təkliflər hazırlanıb", - Mustafayev rəsmi mətbuata müsahibəsində bildirib.

Onun sözlərinə görə, texniki tapşırığa uyğun olaraq, Sənaye Parkının Baş Planı tərtib edilib, ərazidə nəzərdə tutulan infrastruktur şəbəkəsi, sosial təyinatlı obyektlərin konseptual dizaynı hazırlanıb.

"Sənaye Parkının tikinti-quruculuq işləri üçün tələb olunan texniki şərtlər alınıb, rezidentlərin uçot qeydiyyat sistemi yaradılıb. Sənaye Parkına ayrılmış 167,66 hektar ərazi tikinti üçün yararlı vəziyyətə gətirilib, ərazinin müvafiq infrastrukturla təminatına dair layihə-smeta sənədləri və daxili infrastruktur üzrə layihə hazırlanıb. Ərazinin kimyəvi tullantılarla çirklənmiş sahələrinin təmizlənməsi üçün aidiyyəti dövlət qurumları ilə birgə işlər davam etdirilir", - nazir bildirib.

Nazir vurğulayıb ki, Sənaye Parkında fəaliyyət göstərəcək müəssisələrin xammalla təchizatı, xammaldan son məhsul mərhələsinədək istehsalın yaradılmasında "Azərikimya" İstehsalat Birliyi ilə sıx əməkdaşlıq ediləcək.

Mustafayev vurğulayıb ki, investorların Sumqayıt Kimya Sənaye Parkına cəlb olunması məqsədilə iş planı və müvafiq təqdimatlar hazırlanıb.

"Hazırda bu sahədə aparıcı şirkətlərlə danışıqlar aparılır. Bu danışıqlar investorların bu layihəyə yüksək marağını göstərir", - o vurğulayıb.

Prezident İlham Əliyevin apardığı sənayeləşmə siyasətinə uyğun olaraq, təkcə 2012-ci ildə ölkədə 60-dan çox sənaye müəssisəsi istifadəyə verilib.

"Onların sırasında Gəncə alüminium zavodu, Sumqayıt Texnologiyalar Parkında dəqiq mexanika, texniki qazlar zavodları, Naxçıvan və Qaradağda sement zavodları, bərk məişət tullantılarının çeşidlənməsi və yandırılması zavodları da var. Hazırda dövlət başçısı tərəfindən verilmiş tapşırıqlara uyğun olaraq, Balaxanı Sənaye, Sumqayıt Kimya Sənaye və Yüksək Texnologiyalar parklarının təşkili istiqamətində ardıcıl işlər aparılır. Bundan başqa, Mingəçevirin sənaye potensialı və investisiya qoyuluşu imkanları araşdırılır", - Mustafayev əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti