...

Azərbaycan Ümumdünya Gömrük Təşkilatının rəhbər heyətinə daxil olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 İyul 2013 17:27 (UTC +04:00)
İyunun 27-29-də Belçika Krallığının Brüssel şəhərində, Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Baş Qərargahında Gömrük Əməkdaşlıq Şurasının 121/122-ci sessiyası keçirilib. Bu barədə Trend-ə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Azərbaycan Ümumdünya Gömrük Təşkilatının rəhbər heyətinə daxil olub

Azərbaycan, Bakı, 2 iyul /Trend, müxbir E.Əliyev/

İyunun 27-29-də Belçika Krallığının Brüssel şəhərində, Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Baş Qərargahında Gömrük Əməkdaşlıq Şurasının 121/122-ci sessiyası keçirilib. Bu barədə Trend-ə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.

Tədbirdə Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyevin rəhbərliyi ilə nümayəndə heyəti iştirak edib.

İyunun 26-da Azərbaycan nümayəndə heyəti Rusiya Federasiyası, Uruqvay, Braziliya, Qazaxıstan, Moldova, Ukrayna və bir sıra dövlətlərin gömrük xidmətlərinin nümayəndələri ilə ikitərəfli görüşlər keçirib, görüşlərdə, əsasən, sessiyanın gündəliyi, eləcə də bu ali quruma keçiriləcək seçkilərlə bağlı müzakirələr aparılıb.

Sessiyadan öncə Azərbaycan, Avropa İttifaqı, Rusiya Federasiyası və İrlandiya gömrük xidmətlərinin rəhbərlərinin birgə görüşü baş tutub, görüşdə ÜGT sədrinin Avropa regionu üzrə müavini vəzifəsinə keçiriləcək seçkilərlə bağlı fikir mübadiləsi aparılıb.

İyunun 27-də Gömrük Əməkdaşlıq Şurasının sessiyası öz işinə başlayıb. Sessiyada ÜGT sədrinin Avropa regionu üzrə müavini vəzifəsinə üç namizəd irəli sürülüb. Bunlardan birincisi artıq iki ildir ki bu postda qərarlaşan Norveç Gömrük Xidməti, ikincisi MDB üzv ölkələrinin və Türkiyənin namizədi olan Azərbaycan Gömrük Xidməti, üçüncü isə Avropa İttifaqının namizədi olub.

Müzakirələr zamanı çıxış edən Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bildirib ki, ÜGT-nin 1995-ci ilin iyun ayında keçirilən 85/86-cı sessiyasında qəbul olunmuş 282 saylı qərarına əsasən, ÜGT-nin sədr müavini bir il müddətinə seçilə bilər, yalnız bir dəfə istisna olaraq bu müddətin daha bir il uzadılması mümkündür. Məhz buna görə Norveç Gömrük Xidmətinin namizədliyinin irəli sürülməsi yolverilməzdir və bu, ÜGT sessiyasının qərarına ziddir. Azərbaycanın namizədliyinə gəlincə, A.Əliyev qeyd edib ki, MDB Gömrük Xidmətləri rəhbərlərinin iclasında Azərbaycanın bu vəzifəyə namizədliyi dəstəklənib, Avropa İttifaqının rəsmiləri ilə keçirilən görüşdə isə bu istiqamətdə razılıq əldə olunub.

Sonra çıxış edən Avropa İttifaqı nümayəndə heyətinin rəhbəri Antonis Kastrissianakis da Azərbaycan Gömrük Xidmətinin bu vəzifəyə namizədliyini birmənalı olaraq dəstəkləyib.

İyunun 28-də sessiya öz işini siyasi məsələlərin müzakirəsi ilə davam etdirib, sonra texniki məsələlərin müzakirəsinə başlanılıb.

İyunun 29-da bir sıra ikitərəfli sazişlərin imzalanması və bəzi ölkələrin beynəlxalq konvensiyalara qoşulması məsələlərinin müzakirəsi ilə davam edən sessiyada daha sonra seçkilər keçirilib. Azərbaycan Gömrük Xidməti 2013-2014-cü illər üçün Ümumdünya Gömrük Təşkilatı sədrinin Avropa regionu ölkələri üzrə müavini seçilib. ÜGT-nin baş katibi vəzifəsinə yeganə namizəd olaraq yenidən Kunio Mikuriya, ÜGT sədri postuna isə xanım Josefin Fihili seçilib.

Xatırladaq ki, səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Qabon, Toqo, Seneqal, Mozambik və bir sıra dövlətlərin gömrük xidmətlərinin rəhbərləri ilə görüşlər keçirib, görüşlərdə yuxarıda qeyd olunan ölkələrin rəsmiləri kadr potensialının gücləndirilməsi, gömrük sistemində İKT-nin, o cümlədən "bir pəncərə" prinsipinin tətbiqi, kinoloji xidmət itlərinin təlimi və s. sahələrdə kifayət qədər uğurlar əldə etmiş Azərbaycan Gömrük Xidmətinin təcrübəsindən yararlanmaq istəklərini bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti