...

Bu ilin ötən dövründə 2150-dən çox sahibkara güzəştli kredit verilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 İyul 2013 15:07 (UTC +04:00)
İyulun 5-də İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu “Sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda növbəti tədbirini Xaçmaz rayonunun Xudat şəhərində keçirib.
Bu ilin ötən dövründə 2150-dən çox sahibkara güzəştli kredit verilib

Azərbaycan, Bakı, 5 iyul /Trend/

İyulun 5-də İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda növbəti tədbirini Xaçmaz rayonunun Xudat şəhərində keçirib. Tədbirdə Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən 200-ə yaxın sahibkar iştirak edib. Bu barədə Trend-ə cümə günü İqtisadi İnkişaf Nazirliyindən məlumat verilib.

Tədbirdən əvvəl Xaçmaz rayonunun Köhnə Xudat kəndində güzəştli kredit ayrılmış soyuducu anbar və istixana komplekslərinin fəaliyyətinə baxış keçirilib.

"Sahibkarlığın inkişafına dövlət dəstəyi" tədbiri çərçivəsində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Xaçmaz rayonunun iqtisadi potensialının reallaşdırılması istiqamətində müzakirələr aparılmış və Fond tərəfindən prioritet hesab olunan müasir çörək zavodunun, heyvandarlıq kompleksinin, kiçik və ya orta həcmli intensiv bağçılıq və müasir suvarma sistemlərinin tətbiqi ilə tərəvəzçilik təsərrüfatlarının yaradılması üzrə hazırlanmış nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmiş, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilmiş, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.

Tədbirdə çıxış edən Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının müavini Azər Haqverdiyev ölkədə quruculuq-abadlıq işlərinin geniş vüsət aldığını, digər bölgələrdə olduğu kimi, Xaçmazda da yeni istehsal, emal və infrastruktur sahələrinin yaradıldığını, regionların inkişafında uğurla həyata keçirilən məqsədli dövlət proqramlarının xüsusi əhəmiyyətini qeyd edib.
İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Elçin İbrahimov və Quba-Xaçmaz regional bölməsinin müdiri Mətləb Cəfərov "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq, Quba-Xaçmaz iqtisadi rayonunda, o cümlədən Xaçmazda həyata keçirilən tədbirlər və görüləcək işlər barədə məlumat veriblər.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirib ki, 2013-cü ilin ötən dövrü ərzində Fondun vəsaitləri hesabına 2150-dən çox sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 183 milyon manatdan çox güzəştli kredit verilib. Bu kreditlər hesabına 7500-dək yeni iş yerinin yaradılması nəzərdə tutulur. Qeyd edilib ki, indiyədək Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 1319 investisiya layihəsinin maliyyələşdirilməsinə 109,8 milyon manat güzəştli kredit (bugünkü tədbirdə verilən güzəştli kreditlər də daxil olmaqla) ayrılıb.

Tədbir çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Xaçmaz və ətraf rayonlarda fəaliyyət göstərən 54 sahibkara 1 milyon manatdan çox güzəştli kredit verilib. Bu kreditlər əsasən, turizm, heyvandarlıq, quşçuluq, arıçılıq, toxumçuluq, bağçılıq və s. sahələrinin inkişafına yönəldiləcəkdir. Verilmiş kreditlərin reallaşdırılması 100-dən çox yeni iş yerinin yaradılmasına imkan verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti