...

“PAŞA Həyat” universitet tələbələri üçün ustad dərsləri keçirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 İyul 2013 11:20 (UTC +04:00)
“PAŞA Həyat Sığorta” ASC bu ilin iyul ayından etibarən ölkədə fəaliyyət göstərən ali təhsil ocaqlarının tələbələri üçün sığorta sahəsinə aid müxtəlif mövzularda ustad dərsləri (Master Klaslar) təşkil edəcək.
“PAŞA Həyat” universitet tələbələri üçün ustad dərsləri keçirir

Azərbaycan, Bakı, 10 iyul /Trend/

"PAŞA Həyat Sığorta" ASC bu ilin iyul ayından etibarən ölkədə fəaliyyət göstərən ali təhsil ocaqlarının tələbələri üçün sığorta sahəsinə aid müxtəlif mövzularda ustad dərsləri (Master Klaslar) təşkil edəcək.

Şirkətdən Trend-ə daxil olan məlumatda bildirilir ki, master klaslar iqtisadi sahədə təhsil alan III və IV kurs tələbələrinə şamil olunur. Ayda bir dəfə (hər ayın sonuncu ongünlüyü) təşkil olunan dərslərdə maksimum 15 tələbənin iştirakı nəzərdə tutulur.

Qeyd edək ki, tələbələr arasında belə bir dərslərin təşkil edilməsində əsas məqsəd iqtisadi sahədə təhsil alan tələbələrin sığortaya, o cümlədən həyat sığortası sahəsinə olan maraqalarını, həmçinin bilik və bacarıq qabiliyyətlərini daha da artırmaqdır.

Ustad dərslərinin nəticəsi olaraq, potensial imkanlarından asılı olaraq, həyat sığortası ilə maraqlanan və bu sahədə işləmək arzusunda olan talantlı, və qabiliyyətli tələbələr gələcəkdə "PAŞA Həyat Sığorta" ASC-də işləmək şansı da qazana bilərlər.
Dərslərdə iştirak etmək istəyən tələbələr şəxsiyyət vəsiqəsi və tələbə biletinin surətini şirkətin Nərimanov rayonu, Mayakovski küçəsi,15 ünvanında yerləşən baş ofisinə və ya [email protected] elektron ünvanına göndərə bilərlər. Sənədlər bu gündən başlayaraq iyulun 20-dək qəbul olunur.

"PAŞA Həyat Sığorta" ASC yalnız Azərbaycanın maliyyə sektorunda deyil, eyni zamanda sosial yönümlü layihələrin həyata keçirilməsində də daim aktiv iştirak edib. Şirkət Azərbaycanı dünyaya sığorta fəaliyyətindən başqa, həmçinin sosial layihələrə dəstək verməklə tanıtdırmaq niyyətindədir. Tələbələr üçün nəzərdə tutulan bu təhsil layihəsi də məhz sosial layihələrdən biri hesab olunur.

Qeyd edək ki, bu yaxınlarda "PAŞA Həyat"ın dəstəyi ilə "Qədim qalanın yuxuları" adlı kitab işıq üzü görüb. İki dildə çap olunan kitab Azərbaycanın tarixi-mədəni irsinin dünyaya çatdırılmasında, habelə ölkənin beynəlxalq səviyyədə tanıdılmasında mühüm rola malik olmaqla yanaşı, oxucular üçün əlverişli bir vəsaitdir.

"PAŞA Holdinq" Şirkətlər Qrupuna daxil olan "PAŞA Həyat Sığorta" ASC 2010-cu il noyabrın 24-də dövlət qeydiyyatına alınıb, sığorta fəaliyyətinə lisenziya (5 illik) isə 2011-ci il fevralın 14-də verilib. Cari ilin iyun ayının 1-nə şirkətin nizamnamə kapitalı 25,200 mln. manat təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti