...

"AtaTravel" MMC-nin Macarıstana info-turu başa çatdı

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 İyul 2013 15:57 (UTC +04:00)
“AtaTravel” MMC-nin Macarıstana təşkil etdiyi info-tur uğurla başa çatmışdır.
"AtaTravel" MMC-nin Macarıstana info-turu başa çatdı

Azərbaycan, Bakı, 10 iyul /Trend/

"AtaTravel" MMC-nin Macarıstana təşkil etdiyi info-tur uğurla başa çatmışdır.

Şirkətdən Trend-ə verilən məlumata görə, iyunun 29-dan iyulun 6-na qədər bu ölkədə davam edən tanıtım səfərində qabaqcıl KİV-in jurnalistləri, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi iştirak etmişlər. İnfo-tur Macarıstanın turizm sənayesi ilə ətraflı tanış olmaq məqsədilə ölkənin qabaqcıl tur-operatoru olan "1000 yol" və Macarıstan "Wizz Air" aviaşirkətinin dəvəti ilə həyata keçirilmişdir. Məlum olduğu kimi, bu ölkənin turizm sektorunun infrastrukturu olduqca inkişaf etmişdir, keyfiyyətli xidmət, dağ landşaftı ilə göz oxşayan təbiəti bütün dünyadan turistləri cəlb edir.

İnfo-turun gedişində onun iştirakçıları Macarıstanın gəzməli yerlərində olmuş, müxtəlif regionlarda tarixi abidələrlə tanış olmuş, Balaton gölünü seyr etmiş, termal müalicəvi yerlərdə olmuş, milli adətlərlə, mətbəxlə, musiqi və xalq yaradıcılığı ilə tanış olmuşlar.

Budapeşt şəhərində ekskursiyaya Qəhrəmanlar Meydanı, Vaydaxunyad qəsri, Budapeştin "Yelisey düzəngahı" - Andraşşa prospekti, Parlament, Balıqçı Bastionu və Kral sarayını gəzmək, Matyaş kilsəsi ilə tanışlıq, Dunaya gözəl mənzərə ilə açılan Gellert dağına qalxmaq daxil idi. Bununla yanaşı, Azərbaycan jurnalistləri Dunay döngəsində, Esterqom, Vışeqrad, Sentendre, Peç, Şarvar, Kestxeydə olmuşlar. Onlar həmçinin, Harkan balneoterapevtik kurortu, müəlicəvi gücü hələ Roma dövründən məşhur olan Heviz termal gölü ilə tanış olmuş, Şümeq qalasında rıtsar turnirində olmuşlar.

İnfo-tur zamanı Azərbaycan KİV nümayəndələri Macarıstan-Turizm QSC-nin nümayəndəsi Kristina Boço, Heviz şəhərinin meri Qabor Papp, otel biznesi rəhbərləri, termal müalicəxabaların tibbi personalı ilə görüşlər keçirmiş, bu görüşlərdə ərtaflı informasiya və onları maraqlandıran suallara cavab almışlar.

İnfo-turun iştirakçıları Azərbaycanın Macarıstandakı səfirliyində olmuş, burada səmimi, qeyri-rəsmi şəraitdə fikir mübadiləsi aparılmış və qeyd edilmişdir ki, son vaxtlar Azərbaycanla Macarıstan arasında dostluq və əməkdaşlıq münasibətləri bütün sahələrdə inkişaf edir.

"AtaTravel" şirkətinin baş direktoru Vüsal Əliyev qeyd etmişdir: "AtaTravel" Macarıstanın "1000 yol" tur-operatorunun tərəfdaşıdır, həmçinin, Budapeşt-Bakı-Budapeşt aviareyslərini uğurla həyata keçirən "Wizz Air" aviaşirkəti ilə sıx əməkdaşlıq edir. Macarıstanın Azərbaycan turistləri üçün yeni istiqamət olduğuna baxmayaraq, bu ölkə artıq populyarlıq qazanmışdır.

Macarıstan turistlərinin ölkəmizə marağı artır və bu ölkədən Azərbaycana gələn turistlərin sayı artır. Ölkəmizə səfərləri asanlaşdırmaq üçün, "AtaTravel" elektron viza proseduruna qatılıb. Ümumiyyətlə, qarşılıqlı Azərbaycan-Macarıstan əlaqələrinin bütün sahələrdə inkişaf edir. "

"AtaHolding" ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Dilarə Zamanova bildirmişdir ki, bu ilin sentyabr ayında artıq macar tur-operatorları üçün Azərbaycana cavab info-turu təşkil ediləcək.

Əlavə edək ki, info-turun bütün iştirakçıları "AtaSığorta" sığorta şirkəti tərəfindən sığortalanmışdı.

"AtaHolding" ASC Şirkətlər Qrupuna daxil olan "AtaTravel" MMC turizm agentliyi 2011-ci ildə təsis edilmişdir. "AtaTravel" MMC turizm agentliyi dünyanın istənilən nöqtəsinə səfərlər üzrə çoxsaylı xidmətlər təqdim edir. Şirkət öz müştərilərinə otellərin, transferlərin, təyyarə biletlərinin və turların, sığorta və vizaların qabaqcadan bronlaşdırılması üzrə xidmətlər göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti