...

Samir Şərifov: 3 milyona yaxın Azərbaycan vətəndaşı əməkhaqları və sosial müavinətlərin artırılması ilə əhatə olunacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Sentyabr 2013 22:50 (UTC +04:00)
Azərbaycan Maliyyə Nazirliyi Prezident İlham Əliyevin müvafiq sərəncamlarına uyğun olaraq, əməkhaqları, sosial müavinətlər və pensiyaların artırılmasına tam hazırdır.
Samir Şərifov: 3 milyona yaxın Azərbaycan vətəndaşı əməkhaqları və sosial müavinətlərin artırılması ilə əhatə olunacaq

Azərbaycan, Bakı, 2 sentyabr /Trend, müxbir İ.Xəlilova/

Azərbaycan Maliyyə Nazirliyi Prezident İlham Əliyevin müvafiq sərəncamlarına uyğun olaraq, əməkhaqları, sosial müavinətlər və pensiyaların artırılmasına tam hazırdır. Trend-in məlumatına görə, bunu AzTV telekanalında çıxışı zamanı maliyyə naziri Samir Şərifov deyib.

Nazir qeyd edib ki, ümumiyyətlə, bu sosial tədbirlər zərfi ilə təxminən 3 milyona yaxın Azərbaycan vətəndaşı əhatə olunacaq: "Onların əksər hissəsi dövlət büdcəsindən maliyyələşən təşkilatlarda, təhsil sistemində (422 min nəfər) və səhiyyə sahəsində (təqribən 140 min nəfər) çalışanlardır. Həmçinin, əməkhaqlarının artırılması sosial təminat, mədəniyyət, elm, gənclər və idman sahələrində çalışanları əhatə edəcək".

Onun sözlərinə görə, təkcə dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışanları götürsək, bu, 700 min nəfəri əhatə edəcək:

"Ümumiyyətlə, əməkhaqlarının artırılması siyasəti ardıcıl olaraq ölkə Prezidenti tərəfindən həyata keçirilməkdədir. Təkcə onu qeyd etmək istərdim ki, son əməkhaqlarının artırılması uzun müddət bundan əvvəl deyil, 2012-ci ilin əvvəllərində baş verib. Yəni 2011-ci ildə müvafiq fərmanlar imzalanıb, 2012-ci il yanvarın 1-dən isə əməkhaqları artırılıb. İndi də sentyabrın 1-dən əməkhaqları bütün dövlət sektoru, əksər təşkilatlar üzrə artırılacaq".

S.Şərifov bildirib ki, bu, 2003-cü ildən bəri 12-ci dəfə əməkhaqlarının artımıdır. Beləliklə, o zaman 9 manat səviyyəsində olan əməkhaqqı son sərəncamlarla 105 manatadək artırılıb.

Onun sözlərinə görə, nominal ifadədə minimal əməkhaqqı 10 dəfədən çox artıb, inflyasiyanın səviyyəsi isə 10 il ərzində 2 dəfədən çox artıb:

"Beləliklə, əhalinin, o cümlədən dövlət sektorunda çalışanların real gəlirləri əhəmiyyətli şəkildə artıb. Şübhəsiz ki, büdcə sektoru da buna təsir göstərir. Həmçinin, özəl sektorda orta aylıq əməkhaqqı artaraq 2013-cü ilin 6 ayının yekunlarına görə 410 manatı üstələyib ki, bu da böyük göstəricidir. Müqayisə üçün, 2003-cü ildə orta aylıq əməkhaqqı nominal ifadədə 77 manat idi ki, bu da hazırda 5,3 dəfə artım deməkdir".

Maliyyə naziri qeyd edib ki, 2,1 faiz səviyyəsində artan inflyasiya amilini nəzərə alsaq, yenə də əhalinin real gəlirlərinin - inflyasiya çıxılmaqla - artımını müşahidə edirik:

"Qəbul edilmiş qərarlarla və bu məqsədlər üçün təkcə cari il büdcəsində, yəni artıq son 4 ay ərzində büdcədən 200 milyon manata qədər əlavə vəsait xərclənəcək. Ancaq 2014-cü ildə isə bu xərclərin maliyyələşdirilməsi üçün əlavə 600 milyon manatın ayrılması nəzərdə tutulur. Hesab edirəm ki, sosial müavinətlər sahəsində də əhəmiyyətli tədbirlər görülüb. Belə ki, həm məcburi köçkünlərə yemək üçün verilən müavinətlər, həm də valideynlərini itirmiş, valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına verilən, ailə başçısının itirilməsinə görə verilən müavinətlər və şəhid ailələrinə, milli qəhtəmanlara verilən müavinətlər əhəmiyyətli dərəcədə artırılıb. Sosial müavinətlərin artımı miminum 10 faiz, maksimum 60 faiz təşkil edib. Sosial müavinətlərin artımı ilə 400 mindən çox şəxs, o cümlədən 540 min nəfər məcburi köçkün əhatə olunacaq. Ümumilikdə isə 940-950 min nəfər sosial müavinətlərin artırılmasından bəhrələnəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti