Azərbaycan, Bakı, 13 sentyabr /Trend/
Sentyabrın 13-də Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təşkilatçılığı ilə İmişlidə "Azərbaycanda istehlakçı hüquqları qorunur" mövzusunda növbəti konfrans keçirilib. Bu barədə Trend-ə nazirlikdən daxil olan məlumatda deyilir. Tədbirdə aidiyyəti dövlət qurumlarının, ictimai təşkilatların nümayəndələri və 300-dən çox istehlakçı iştirak edib.
Konfransda çıxış edən Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəis müavini Araz Əliyev istehlakçıların hüquqlarının qorunması sahəsində Dövlət Xidməti tərəfindən həyata keçirilən tədbirlər barədə məlumat verib.Bildirilib ki, bu ilin ötən səkkiz ayında həyata keçirilmiş nəzarət tədibrləri zamanı mənşəyi məlum olmayan, saxlama müddəti ötmüş, etiketlənməsi, keyfiyyət və təhlükəsizlik göstəriciləri normativ sənədlərin tələblərinə uyğun olmayan 35,9 ton müxtəlif növ ərzaq malları satışdan çıxarılaraq məhv edilib. İstehlak bazarının keyfiyyətsiz mal və xidmətlərdən qorunmasında inzibati tədbirlərlə yanaşı, maarifləndirmə tədbirlərinin xüsusi əhəmiyyətini qeyd edən Araz Əliyev 2013-cü ilin ötən ayları ərzində istehlakçıların maarifləndirilməsi məqsədilə 15 adda 45 mindən çox buklet, sahibkarların istehlakçıların hüquqlarının qorunması sahəsində vəzifələrinə dair 6 adda 1200 yaddaş kitabçasının paylandığını diqqətə çatdırıb. Hazırda KİV ilə istehlakçıların maarifləndirilməsi sahəsində həyata keçirilən əməkdaşlıq çərçivəsində müxtəlif maarifləndirici materiallar dərc edilir, birgə televiziya verilişləri hazırlanır.
Tədbirdə həmçinin, xidmət qaydalarının tələblərinə əməl olunması və xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən maarifləndirici tədbirlər barədə məlumat verilib.
Konfransda Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin əməkdaşları "İstehlakçı hüquqlarının müdafiəsi ilə bağlı görülmüş işlər və qarşıda duran vəzifələr", "Hər bir istehlakçı öz hüquqlarını bilməlidir", "Ərzaq malları alarkən nələrə diqqət yetirməli" mövzularında məruzələrlə çıxış etmiş, tədbir iştirakçılarının suallarını cavablandırıblar.
Sonda tədbir iştirakçılarına istehlakçı hüquqlarına dair maarifləndirici materiallar paylanıb.