...

Şahin Mustafayev: Azərbaycanda ÜDM-in artımı bütövlükdə qeyri-neft sektorunun inkişafı hesabına təmin edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Oktyabr 2013 19:57 (UTC +04:00)
Azərbaycanda əsas makroiqtisadi göstərici olan ümumi daxili məhsul 9 ayda 5,4 faiz artıb və aparılmış uğurlu şaxələndirmə siyasəti nəticəsində bu artım bütövlükdə qeyri-neft sektorunun inkişafı hesabına təmin edilib.
Şahin Mustafayev: Azərbaycanda ÜDM-in artımı bütövlükdə qeyri-neft sektorunun inkişafı hesabına təmin edilib

Azərbaycan, Bakı, 7 oktyabr /Trend/

Azərbaycanda əsas makroiqtisadi göstərici olan ümumi daxili məhsul 9 ayda 5,4 faiz artıb və aparılmış uğurlu şaxələndirmə siyasəti nəticəsində bu artım bütövlükdə qeyri-neft sektorunun inkişafı hesabına təmin edilib. Trend-in məlumatına görə, bunu iqtisadi inkişaf naziri Şahin Mustafayev Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı deyib.

Nazir qeyd edib ki, ötən dövrdə xarici ticarət dövriyyəsi 5,7 faiz artıb.

Bu ilin 9 ayında dövlət büdcəsinin gəlirlərinin ötən ilin müvafiq dövrünə nisbətən 14,4 faiz artdığını deyən Ş.Mustafayev qeyri-neft sektorundan vergi daxilolmalarının 11,3 faiz artdığını bildirib. Qeyd edib ki, Regional İnkişaf Proqramı çərçivəsində bu ilin ötən dövründə infrastrukturun inkişafı, o cümlədən yolların inşası və yenidən qurulması, əhalinin enerji, qaz, istilik, su təchizatının və kanalizasiya sistemlərinin yaxşılaşdırılması, rayonların abadlaşdırılması və digər istiqamətlərdə mühüm işlər görülüb. Bölgələrin inkişafında xüsusi əhəmiyyəti olan kənd yollarının təmiri, bərpası və yenidən qurulması ilə bağlı ötən il başlanılmış 19 layihənin 11-nin icrası bu il başa çatdırılıb.

Hesabat dövründə 162 yaşayış məntəqəsi qazla təmin edilib, 4 elektrik stansiyası istismara verilib. Əhalinin fasiləsiz və keyfiyyətli içməli su ilə təmin olunması və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması məqsədilə müvafiq işlərə başlanıb, 16 şəhər və rayon mərkəzinə içməli su verilib.

"Taxtakörpü su anbarı və Taxtakörpü-Ceyranbatan su kanalı aqrar sektorun inkişafını sürətləndirməklə yanaşı, əhalinin içməli su və enerji ilə təchizatını daha da yaxşılaşdıracaq", - deyən iqtisadi inkişaf naziri hesabat dövründə regionlarda 260 sənaye, kənd təsərrüfatı, xidmət və ticarət müəssisəsinin fəaliyyətə başladığını, regionlarda sahibkarlıq subyektlərinin sayının və vergi daxilolmalarının artdığını diqqətə çatdırıb. Qeyd edib ki, bu dövrdə 198 məktəb, 35 uşaq bağçası, 19 tibb müəssisəsi, 27 mədəniyyət və 19 gənclər və idman obyekti tikilib və təmir olunub.

Hesabat dövründə sement, transformator, elektrik avadanlıqları, boru, kərpic, şüşə qablar, metalkonstruksiya zavodları, seramik plitələr və tekstil parkları, kağız emalı və karton istehsalı, parça boyama fabrikləri istifadəyə verilib. Bu müəssisələrin fəaliyyəti idxaldan asılılığın əhəmiyyətli dərəcədə azalmasına, daxili tələbatın yerli istehsal hesabına ödənilməsinə, ixrac potensialının artırılmasına imkan verəcək.

Ötən aylarda Bakı şəhəri və qəsəbələrində müvafiq proqram çərçivəsində nəqliyyat, qaz, enerji, su-kanalizasiya və digər sahələrdə layihələr həyata keçirilib, sosial infrastrukturun inkişafı istiqamətində tədbirlər görülüb. Ş.Mustafayev onu da bildirib ki, bu ilin 9 ayında qeyri-neft sənayesinin inkişafı davam edib, gəmiqayırma zavodunun və Sumqayıt Kimya Sənaye Parkının fəaliyyəti ölkənin sənaye potensialının daha da artırılmasına böyük töhfə verməklə, müasir texnologiyaların cəlb olunmasına, idxaldan asılılığın azalmasına, qeyri-neft sənayesi sahələrinin inkişafına ciddi təkan verəcək:

"Bu dövrdə əhalinin ərzaqla etibarlı təminatına dair Dövlət Proqramının icrası davam etdirilib, bu sektora güzəştli kreditlərin, vergi güzəştlərinin, subsidiyaların verilməsi, aqrolizinq xidmətlərinin göstərilməsi və digər dövlət dəstəyi tədbirləri davam etdirilib. Dövlət dəstəyi ilə intensiv metodlar və müasir texnologiyalar əsasında istifadəyə verilmiş və tikintisi davam etdirilən müəssisələr hesabına yaxın gələcəkdə kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və saxlanması imkanları daha da artacaq və bu tədbirlər nəticəsində özünütəminat səviyyəsi əhəmiyyətli dərəcədə yüksələcək. İri taxılçılıq təsərrüfatlarının yaradılması ilə bağlı da son 9 ayda mühüm işlər görülüb. Yaradılmış pilot taxılçılıq təsərrüfatında rekord həcmdə yüksək keyfiyyətli ərzaq buğdası istehsal olunub. Əlavə olaraq 5 iri taxılçılıq təsərrüfatının yaradılması üzrə təbdirlər görülür".

İqtisadi inkişaf naziri onu da vurğulayıb ki, ölkəmizdə sahibkarlığın inkişafı diqqətdə saxlanılaraq iqtisadi siyasətin prioritet istiqamətlərindən birinə çevrilib. Belə ki, biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması məqsədilə qanunvericilik təkmilləşdirilir, inzibati prosedurlar sadələşdirilir və şəffaf mexanizmlər tətbiq edilir. Hazırda dövlət orqanları tərəfindən 426 növ xidmət elektron qaydada göstərilir. "ASAN xidmət"in fəaliyyətinin genişlənməsi də sahibkarlığın inkişafına töhfə verir:

"Təsadüfi deyil ki, maliyyə dəstəyi çərçivəsində 9 ay ərzində 3527 sahibkara 245 milyon manatdan çox güzəştli kredit verilib və bu layihələr hesabına 10200-dək yeni iş yeri yaradılacaq. Kreditlərin 70 faizi regionların, 30 faizi Bakı qəsəbələrinin payına düşüb, 67 faizi aqrar sektora, 33 faizi isə sənaye məhsullarının istehsalı və emalına verilib. İlin sonuna geri qaytarılan kreditlər hesabına sahibkarlara əlavə 30 milyon manatadək kredit verilməsi və bununla da il ərzində verilən məbləğin 275 milyon manata çatdırılması planlaşdırılır. Bu dövrdə əhalinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7,6 faiz artaraq 25,4 milyard manat təşkil edib, orta aylıq əmək haqqı isə 7,4 faiz artaraq 417 manata çatıb. Bununla da ölkə iqtisadiyyatının inkişafı və əhalinin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər görülüb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti