...

“PAŞA Bank” kiçik biznesə xidmət göstərən biznes mərkəzi açıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Noyabr 2013 12:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 noyabr / Trend /

Bakıda "PAŞA Bank"ın yeni biznes mərkəzinin açılış mərasimi keçirilib. Trend-in məlummatına görə, bu barədə bankın çərşənbə günü yaydığı xəbərdə deyilir.

Biznes mərkəzinin fəaliyyəti kiçik biznes nümayəndələri ilə işə yönəldilib. Açılış mərasimində "PAŞA Bank"ın rəhbərliyi, müştəriləri və yeni Bölmənin əməkdaşları iştirak ediblər.

"PAŞA Bank"ın İdarə Heyətinin üzvü, İnvestisiyalar üzrə Baş Direktor Taleh Kazımovun sözlərinə görə, bankın yeni biznes mərkəzinin açılmasında başlıca məqsəd - dünyada biznes bankçılıq kimi məlum olan kiçik bizneslərin maliyyələşdirilməsi üzrə yeni konsepsiyanın Azərbaycanda inkişaf etdirilməsidir.

T.Kazımov qeyd edib ki, "PAŞA Bankın yeni Bölməsində biznes-bankçılığın fərqləndirici xüsusiyyəti təkcə sərfəli şərtlərlə, minimum tələb olunan sənədlər paketi əsasında və onların baxılmasına minimum vaxt sərf etməklə geniş spektrli maliyyə məhsullarının təqdim edilməsindən ibarət olmayacaq. Bununla bərabər, kiçik biznes nümayəndələrinə iri korporativ müştərilərimizə göstərdiyimiz səviyyədə yüksək xidmət və fərdi yanaşma təqdim olunacaq.

Qeyd edək ki, ilin sonuna qədər bank daha 2 və növbəti ildə 2 yeni biznes mərkəzini (Business Banking Service Centre) açmağı planlaşdırır.

"PAŞA Bank"ın yeni biznes mərkəzi Bakı ş., A.Heydərov küç., 35 Q (Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi ilə üzbəüz) ünvanında yerləşir.

"PAŞA Bank" Azərbaycanın aparıcı korporativ bankıdır. 2007-ci ildə təsis olunmuş bank, geniş spektrli korporativ bank xidmətləri, eləcə də kreditlərin verilməsi, qiymətli kağızlar bazarında əməliyyatlar, aktivlərin idarə olunması və xəzinədarlıq xidmətləri göstərir. Baş ofis və dörd filial ilə təmsil olunan "PAŞA Bank"da 221 əməkdaş çalışır. "Europe Banking Awards 2011" və "Europe Banking Awards 2012" çərçivəsində Bank "Azərbaycanın ən yaxşı İnvestisiya Bankı" elan olunmuşdur, 2013-cü ildə isə "World Finance" tərəfindən "Best Private Bank in Azerbaijan" adına layiq görülüb.

"PAŞA Bank" Azərbaycanın iri investisiya Holdinqi olan və sığorta, inşaat, inşaat materiallarının istehsalı, turizm və eləcə də biznesin digər sahələrində geniş təmsil olunan PAŞA Şirkətlər Qrupunun bir hissəsidir. Azərbaycanın pərakəndə bankçılıq bazarının iri banklarından biri olan Kapital Bank da PAŞA Şirkətlər Qrupuna aiddir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti