Azərbaycan, Bakı, 16 yanvar /Trend/
Vergi orqanları tərəfindən vergi borclarının alınması sahəsində görülmüş tədbirlər nəticəsində 1 yanvar 2014-cü il tarixə dövlət büdcəsinə olan vergi borclarının məbləği 1 yanvar 2012-ci il tarixinə olan vergi borcları ilə müqayisədə 23,8 faiz azalmış, 2013-cü il ərzində 227 min 480 borclu vergi ödəyicisinin borcu tamamilə ləğv edilmişdir.
Vergilər Nazirliyindən Trend-ə verilən məlumata görə, 2014-cü il yanvar ayının 1-nə vergi ödəyicilərinin ümumi sayında borclu vergi ödəyicilərinin xüsusi çəkisi 3,4 faiz təşkil etmişdir.
Hesabat dövründə vergi ödəyicilərinin dövlət büdcəsinə borclarının ödənilməsinin təmin edilməsi məqsədilə vergi orqanları tərəfindən 60700 vergi ödəyicisində əmlakın siyahıya alınması barədə qərar açılmış, bu qərarların 86,8 faizi borclar ləğv olunduğu üçün bağlanılmışdır. Siyahıya alınmış əmlakların ixtisaslaşdırılmış açıq hərracda satılması məqsədilə məhkəmələrə verilmiş iddia ərizələri üzrə 1705,2 min manat məbləğində vergi borcları üzrə müvafiq məhkəmə qətnamələri qəbul olunmuş, açılmış qərarlar üzrə ümumilikdə 58,1 milyon manat məbləğində vəsaitin dövlət büdcəsinə ödənilməsi təmin edilmişdir.
Keçirilmiş nəzarət tədbirləri zamanı vergi öhdəliklərini vaxtında yerinə yetirməyən 454 borclu vergi ödəyicisinin 63 faizində qanun pozuntusu aşkar edilmiş, tətbiq olunmuş maliyyə sanksiyaları və inzibati cərimələrin 89,4 faizinin dövlət büdcəsinə ödənilməsi təmin edilmişdir.
Borclu fiziki şəxslərin borcları üzrə tələbin onların mülkiyyətində olan avtonəqliyyat vasitələrinə yönəldilməsi istiqamətində görülmüş tədbirlər nəticəsində 2121 vergi ödəyicisinin 1387,6 min manat məbləğində borcunun dövlət büdcəsinə alınması təmin edilmiş, 27 vergi ödəyicisinin nəqliyyat vasitələri siyahıya alınmış, 1139 vergi ödəyicisi tərəfindən nəqliyyat vasitələri siyahıya alınmaya təqdim edilmədiyi üçün onların üzərinə həbs qoyulmaqla cərimə meydançalarına yerləşdirilməsi barədə məhkəmə qərarları qəbul edilmişdir.
Hüquqi şəxslərdə təsisçi (payçı) kimi çıxış edən borclu fiziki şəxslərin borclarının həmin hüquqi şəxslərdəki paylarından tutulması məqsədilə 66 borclu fiziki şəxsə qarşı məhkəmələrdə iddialar qaldırılmışdır. Həmin iddialar üzrə 49 iş üzrə borc məbləğinin hüquqi şəxsin əmlakındakı payına yönəldilməsi barədə qətnamə çıxarılmış və 8 iş üzrə borc məbləği ödənildiyindən müvafiq məhkəmə qərardadları qəbul olunmuşdur. Borc məbləğlərinin qeyd edilən mənbələrə yönəldilməsi barədə görülmüş tədbirlər nəticəsində hüquqi şəxslərdə təsisçi (payçı) kimi çıxış edən 1224 borclu fiziki şəxs üzrə 122,5 min manat məbləğində borcların dövlət büdcəsinə ödənilməsi təmin olunmuşdur.
Kiçik həcmdə borcları olan vergi ödəyiciləri üzrə "İnzibati İcraat haqqında" qanunun tələblərinə uyğun olaraq birbaşa icra məmurlarına edilən müraciətlər nəticəsində 3402 vergi ödəyicisinin 577,6 min manat məbləğində borcları dövlət büdcəsinə ödənilmişdir.
Vergi orqanları tərəfindən aidiyyəti üzrə edilmiş müraciətlər əsasında 29 vergi ödəyicisinin ölkədən getmə hüququ məhkəmə qərarı ilə məhdudlaşdırılmışdır.