...

Fransa şirkəti Azərbaycanda su təchizatının yaxşılaşdırılması üzrə təkliflər hazırlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 Yanvar 2014 18:33 (UTC +04:00)
Su təchizatı və tullantıların utilizasiyası sahəsində dünyanın iri şirkətlərindən biri olan "Suez Environnement" şirkəti Azərbaycan üçün təkliflər paketini hazırlayıb.
Fransa şirkəti Azərbaycanda su təchizatının yaxşılaşdırılması üzrə təkliflər hazırlayıb

Fransa, Paris, 31 yanvar /Trend, xüsusi müxbir A.Bədəlova/

Su təchizatı və tullantıların utilizasiyası sahəsində dünyanın iri şirkətlərindən biri olan "Suez Environnement" şirkəti Azərbaycan üçün təkliflər zərfi hazırlayıb. Trend-in məlumatına görə, bunu Parisdə jurnalistlərə şirkətin beynəlxalq inkişaf üzrə baş vitse-prezidenti Fransua Karmantrand deyib.

Onun sözlərinə görə, "Suez Environnement" 2010-cu ildən Azərbaycanın su operatoru "Azərsu" ilə işləyir: "2012-ci ilin sentyabr ayından dekabr ayınadək şirkət Bakıda audit aparıb. Auditin yekunu olaraq, uzunmüddətli əməkdaşlığın imkanları nəzərdən keçirilib".

F.Karmantrand bildirib ki, hazırlanmış təkliflər zərfi 2015-ci ildə keçiriləcək ilk Avropa Oyunlarının başlamasınadək 24 saat ərzində Bakının fasiləsiz içməli su ilə təchizatının təmin edilməsini nəzərdə turur: "Təklif edilən xidmətlərə suyun keyfiyyəti üzrə laboratoriyaların, "Azərsu" ASC-nin bütün heyəti üçün tədris mərkəzlərinin yaradılması daxildir".

Baş vitse-prezidentin sözlərinə görə, bu məsələ üzrə danışıqlar artıq aparılır, yalnız bu əməkdaşlığı formal çərçivəyə salmaq qalıb: "Gələn həftə şirkət nümayəndələrinin Bakıya növbəti səfəri gözlənilir".

Şirkət, həmçinin təsərrüfat tullantılarının emalı, Bakı limanının təmizlənməsi və torpağın yaxşılaşdırılması sahəsində əməkdaşlıq imkanlarını nəzərdən keçirir.

F.Karmantrand qeyd edib ki, Bakıda su təchizatı sistemində su sızıntısı problemi müşahidə edilir və onun həll edilməsi üçün şirkət yeni sistemin tətbiqini təklif edir: "Yeni sistem sızıntının yerini müəyyənləşdirməyə və problemi səmərəli şəkildə aradan qaldırmağa imkan verən xüsusi ötürücülərin quraşdırılmasını nəzərdə tutur. Bu sistem artıq bir sıra ölkələrdə səmərəli olaraq tətbiq edilib".

Qeyd edək ki, "Suez Environnement" şirkətinin bazası Parisdədir və Şimali Amerika, Cənubi Amerika, Afrika, Yaxın Şərq və Sakit okean regionunda fəaliyyət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti