...

Vergilər naziri: Azərbaycanda biznes mühitinin səmərəliliyi üçün vergi sisteminin rolu stimullaşdırılacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Fevral 2014 11:16 (UTC +04:00)
Azərbaycanın Vergilər Nazirliyi biznes mühitin səmərəliliyinin artırılması üçün vergi sisteminin stimullaşdırıcı rolunu gücləndirməyə yönəlmiş addımları davam etdirəcək.
Vergilər naziri: Azərbaycanda biznes mühitinin səmərəliliyi üçün vergi sisteminin rolu stimullaşdırılacaq

Azərbaycan, Bakı, 7 fevral /Trend, müxbirlər E.Əliyev, A.Axundov/

Azərbaycanın Vergilər Nazirliyi biznes mühitin səmərəliliyinin artırılması üçün vergi sisteminin stimullaşdırıcı rolunu gücləndirməyə yönəlmiş addımları davam etdirəcək. Trend-in məlumatına görə, bu barədə Azərbaycanın vergilər naziri Fazil Məmmədov Bakıda "Azərbaycanın vergi sistemi: reallıqlar və perspektivlər" mövzusunda keçirilən III Vergi Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, müasir qlobal çağırışlar vergi orqanları tərəfindən daha fəal siyasətin aparılmasını tələb edir: "Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2014-cü ili "Sənaye ili" elan edib. Bu baxımdan cari ildə sənayenin inkişafında ciddi irəliləyişlər gözlənilir. Dünya iqtisadiyyatında innovasiyalı iqtisadiyyatın əsas hərəkətverici qüvvəsi hesab edilən, milli iqtisadiyyatda yeni sahələrinin formalaşmasında və rəqabətqabiliyyətli olmasında böyük rolu ola biləcək texnoparkların yaradılması iqtisadi sistemdə ciddi dəyişikliklər vəd edir. Bu baxımdan beynəlxalq təcrübəyə əsaslanaraq, eləcə də orta və uzunmüddətli perspektivdə sənaye parklarının və texnoparkların inkişafını stimullaşdırmaq üçün həmin parklarda fəaliyyət göstərən hüquqi və fiziki şəxslər 7 il müddətinə, parkların idarəedici təşkilat və operatorları isə müddətsiz vergilərdən azad edilmişlər".

Onun sözlərinə görə, Azərbaycanın yaxın illərdə qarşısında duran əsas məsələlərdən biri iqtisadiyyatda karbohidrogen ehtiyatlarından asılılığı azaltmaq və qeyri-neft sektorunun, o cümlədən onun aparıcı tərkib hissəsi olan sənaye sektorunun sürətli inkişafını təmin etməkdir: "Bütün bunlar "Azərbaycan - 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyasının əsas hədəfləri sırasındadır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti