Azərbaycan, Bakı, 13 may /Trend/
20-22 may 2014-cü il tarixində Frankfurtda keçiriləcək və MICE (görüşlər, stimullar, konfranslar, sərgilər) sahəsində mühüm hadisə sayılan IMEX beynəlxalq sərgisində ilk dəfə olaraq ölkəmiz Azərbaycan Konqreslər Bürosu simasında təmsil olunacaq.
Trend Mədəniyyət və Turizm Nazirliyinə istinadən məlumat verir ki, hər il IMEX sərgisi beynəlxalq konqres və konfransların təşkili, geniş əhatəli tədbirlərin keçirilməsi və həvəsləndirici turizm sahəsində xidmətlərin göstərilməsində maraqlı olan yüzlərlə mütəxəssisləri bu tədbirdə toplayır. Rəsmi məlumatlara əsasən, ötən il sərgidə 157 ölkədən 3500 şirkət təmsil olunub.
Sərgidə, həmçinin Frankfurtda Siyasətçilərin Forumu nəzərdə tutulub və bu forumda Azərbaycan nümayəndə heyətinə başçılıq edən mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov iştirak edəcək.
Sərgidə Azərbaycan birbaşa olaraq milli turizm bazarında fəaliyyət göstərən və Azərbaycanın Konqres Bürosunun tərəfdaşları olan turizm sektorunun nümayəndələrini bir yerdə cəmləşdirən ayrıca stend vasitəsilə təmsil olunacaq. Bu tərəfdaşlar siyahısına Absheron Hotel Group, Fairmont Baku, Hilton Baku, Hyatt Regency Baku, JW Marriott Absheron Baku, Jumeirah Bilgah Beach Hotel, Kempinski Hotel Badamdar kimi hotellər, eləcə də peşəkar turist agentlikləri Victory Tour, Millennium Tourism и Regea Travel daxildir. Əlavə olaraq, stenddə Konqres Bürosunun əsas tərəf müqabillərindən biri olan Azərbaycan Hava Yollarının maraqları da təmsil olunacaq.