Azərbaycan, Bakı, 23 may /Trend, müxbir R.Hafizoğlu/
Türkiyə iqtisadi əsarətdən azad olmalı, dünya iqtisadiyyatında söz sahibi olan ölkəyə çevrilməlidir. Trend-in "Haber7" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyə Baş nazirinin müavini Əli Babacan deyib.
Onun sözlərinə görə, iqtisadi əsarətdən azad olmaq, dünya iqtisadiyyatında söz sahibi olan ölkəyə çevrilmək bir o qədər də asan deyil.
Ə.Babacan qeyd edib ki, dünya bazarında Türkiyənin öz brendi olmalıdır: "Ankara iqtisadi islahatlar aparmalıdır. Hazırda adambaşına milli gəlir 2500 dollar təşkil edir ki, bu da ölkə iqtisadiyyatında irəliləyişin göstəricisidir".
Baş nazirin müavini bildirib ki, son 30 il ərzində ölkədə iqtisadi artım müşahidə olunur, lakin dünya böhranı Türkiyə iqtisadiyyatına təsir edib: "Avropa İttifaqı ölkələri ilə ixrac-idxal əməliyyatları xeyli artıb".
Türkiyə Statistika İnstitutunun məlumatına görə, 2014-cü ilin martında Türkiyənin ixracının ümumi həcmi 14,748 milyard dollar təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 12,4 faiz artım deməkdir.
Martda Türkiyənin idxalı ötən ilin analoji dövrü ilə müqayisədə 3 faiz azalaraq 19,943 milyard dollar təşkil edib.
Türkiyənin xarici ticarət dövriyyəsi mart ayında 34,691 milyard dollar, xarici ticarət saldosu isə mənfi - 5,195 milyard dollar səviyyəsində olub.
Məlumatda deyildiyi kimi, Türkiyənin göstərilən dövrdə Aİ ölkələrinə ixracı 6,84 milyard dollar təşkil edib.