...

Bakı 2 iri beynəlxalq nəqliyyat sərgisinin açılışına hazırlaşır

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 İyun 2014 18:47 (UTC +04:00)
Bu il iyunun 12-14-də Bakıda keçiriləcək "TransCaspian" və "Road and Traffic" beynəlxalq sərgilərində 16 ölkədən 104 şirkət iştirak edəcək.
Bakı 2 iri beynəlxalq nəqliyyat sərgisinin açılışına hazırlaşır

Azərbaycan, Bakı, 11 iyun /Trend, müxbir E.İsmayılov/

Bu il iyunun 12-14-də Bakıda keçiriləcək "TransCaspian" və "Road and Traffic" beynəlxalq sərgilərində 16 ölkədən 104 şirkət iştirak edəcək. Trend-in məlumatına görə, bu barədə sərgilərin meneceri Orxan Əhmədov mətbuat konfransında deyib.

Onun sözlərinə görə, xarici eksponentlər iştirakçıların ümumi sayının 50 faizini təşkil edir.

"TransCaspian" Qafqazda önəmli nəqliyyat forumudur və Azərbaycanın nəqliyyat infrasturkutunun inkişafına yardım edir.

Sərginin ekspozisiyasını dəniz və yerüstü daşımalar, limanlar və liman avadanlığı, informasiya sistemləri, naviqasiya sistemləri və monitorinqi, kommersiya nəqliyyat sektorları təmsil edəcək.

"Road and Traffic 2014" isə regionun yol infrastrukturunun geniş mənzərəsini nümayiş etdirir. Bu sərgidə Azərbaycan, Almaniya, İtaliya, İspaniya, Sinqapur, Türkiyə, Ukrayna, Çexiya və digər ölkələrin şirkətləri iştirak edirlər.

O.Əhmədov qeyd edib ki, "TransCaspian" və "Road and Traffic" sərgilərinin işi işgüzar proqramla müşayiət olunacaq. Belə ki, iyunun 13-də "Yol və yeraltı infrastruktur - urbanizasiya probleminin həlli yolları" II Xəzər Beynəlxalq Konfransı keçiriləcək. Konfrans Azərbaycanın yol infrastrukturu məsələlərinə, urbanizasiya problemlərinə, "Böyük Bakının regional inkişaf planı"na, tunellərin tikinti texnologiyasına və s. aktual mövzulara həsr ediləcək.

Nəqliyyat Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Namiq Həsənov mətbuat konfransında deyib ki, bu sərgilər ölkənin uğurlarının nümayiş etdirilməsində və bu sahədə ziyarətçiləri yeniliklərlə tanış etmək baxımından böyük əhəmiyyət kəsb edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti