...

Şahin Mustafayev: Azərbaycan xarici bazarlara kənd təsərrüfatı məhsullarının ixracını genişləndirməkdə maraqlıdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Avqust 2014 18:18 (UTC +04:00)
Avqustun 8-də iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfiri Vladimir Doroxini qəbul etmişdir.
Şahin Mustafayev: Azərbaycan xarici bazarlara kənd təsərrüfatı məhsullarının ixracını genişləndirməkdə maraqlıdır

Azərbaycan, Bakı, 8 avqust /Trend/

Avqustun 8-də iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfiri Vladimir Doroxini qəbul etmişdir.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə nazir Şahin Mustafayev Azərbaycan - Rusiya əlaqələrinin digər sahələrdə olduğu kimi, iqtisadi sahədə də uğurla inkişaf etdiyini vurğulamış, Azərbaycanda Rusiya kapitallı 570 şirkətin fəaliyyət göstərdiyini, Rusiya tərəfindən Azərbaycana yatırılmış investisiyaların həcminin 1,8 mlrd. ABŞ dollarını ötdüyünü bildirmişdir. Nazir qeyd etmişdir ki, son 10 ildə ölkəmiz Rusiya iqtisadiyyatına 1 mlrd. ABŞ dollarından çox investisiya qoymuş və 2013-cü ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 10,5% artmışdır.

Şahin Mustafayev bildirmişdir ki, Rusiya bazarı Azərbaycan üçün ənənəvi bazardır və ötən il Azərbaycanın qeyri-neft ixracının 32%-i, kənd təsərrüfatı və emalı məhsullarının ixracının isə 30%-dən çoxu bu ölkənin payına düşmüşdür.

Rusiya Federasiyasının Azərbaycandakı səfiri Vladimir Doroxin Azərbaycan və Rusiya arasında əməkdaşlığın genişləndiyini vurğulamış, Rusiya bazarında Azərbaycan mallarına, o cümlədən kənd təsərrüfatı məhsullarına tələbatın əhəmiyyətli olduğunu bildirmişdir. Səfir Rusiya Federasiyasının Azərbaycan Respublakasına təyin olunmuş Ticarət Nümayəndəliyinin yeni rəhbəri Eldar Tlyabiçevi təqdim etmişdir.

İqtisadiyyat və sənaye naziri Ticarət Nümayəndəliyinin yeni rəhbəri Eldar Tlyabiçevi təyinatı münasibətilə təbrik etmiş, onun ticarət əlaqələrimizin daha da genişlənməsinə dəstək verəcəyinə əminliyini vurğulamışdır. Şahin Mustafayev Azərbaycanın qeyri-neft sektorunun, eləcə də kənd təsərrüfatının böyük potensiala malik olduğunu, dövlət dəstəyi tədbirləri nəticəsində qeyri-neft məhsullarının istehsalının ilbəil artdığını qeyd etmiş və ölkəmizin xarici bazarlara, o cümlədən ənənəvi Rusiya bazarına bu məhsulların, xüsusilə kənd təsərrüfatı və emalı məhsullarının ixracını genişləndirməkdə maraqlı olduğunu bildirmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti