...

Ekspert: Azərbaycan iqtisadiyyatına investisiyalar 2014-cü ilin proqnozunu üstələyəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Oktyabr 2014 08:35 (UTC +04:00)
Azərbaycan iqtisadiyyatına kapital qoyuluşları 2014-cü il üçün investisiya proqnozlarını üstələyəcək.
Ekspert: Azərbaycan iqtisadiyyatına investisiyalar 2014-cü ilin proqnozunu üstələyəcək

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 11 oktyabr /Trend, müxbir Maksim Tsurkov/

Azərbaycan iqtisadiyyatına kapital qoyuluşları 2014-cü il üçün investisiya proqnozlarını üstələyəcək. Bunu cümə günü Trend-ə iqtisad elmlər doktoru, Nazirlər Kabinetinin Qiymət, iqtisadi və maliyyə-kredit siyasəti şöbəsinin sabiq müdiri Oqtay Haqverdiyev Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 8-də Nazirlər Kabinetinin 2014-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda çıxışını şərh edərkən deyib.

Onun sözlərinə görə, investisiya ölkənin makroiqtisadi inkişafının ən vacib göstəricisidir: "Cari ilin il 9 ayında Azərbaycan iqtisadiyyatına 19 milyard dollar investisiya yatırılıb, bunun 8 milyard dolları xarici investisiyalardır. Çətin ki, dünyada investisiyaların belə səviyyədə olduğu daha bir ölkə tapmaq mümkün olsun. Bununla yanaşı, 2014-cü il üçün təqribən 20 milyard dollar həcmində kapital qoyuluşu proqnozlaşdırılıb, yəni biz cari göstərici nəzərə alınmaqla investisiya proqnozunu ilin sonunadək üstələcəyik".

O.Haqverdiyevin fikrincə, Azərbaycanda makroiqtisadi vəziyyət dünyada davam edən maliyyə-iqtisadi böhran fonunda nadir istisnadır. Eyni zamanda, ekspert dünya bazarlarında neftin qiymətinin azalması dinamikasından narahatlığını ifadə edib: "Neftin qiyməti hazırda Azərbaycan iqtisadiyyatı üçün yeganə narahatlıq doğuran məqamdır. Məsələn, 2008-ci ildə neftin qiyməti azalanda dövlət büdcəsinin kəsiri 1,5 milyard manat təşkil edib. Düşünmürəm ki, bizi belə sonluq gözləyir, lakin gələn il neftin qiymətinin azalma tendensiyası davam edərsə, 2015-ci il üçün proqnozlarımıza yenidən baxmalı olacağıq".

O vurğulayıb ki, bu cür tendensiyaya baxmayaraq, 2014-cü il dövlət büdcəsinin proqnozlarının icra edilməməsindən söhbət gedə bilməz: "Birinci yarımillikdə və hətta üçüncü rübün əvvəlində neftin qiyməti hökumətin müəyyənləşdirdiyi optimal həddən - 100 dollardan (dövlət büdcəsinə daxil edilmiş) yüksək idi. Yəni biz ilin əvvəlindən müəyyən ehtiyat topladıq. Neft planlaşdırılandan daha yüksək məbləğə satıldı. Üstəlik, əgər Azərbaycan neftinin qiyməti ilin sonunadək indiki 90-95 dollar səviyyəsində qalarsa, o zaman orta illik qiymət 100 dollardan aşağı düşməyəcək".

Ekspert əlavə edib ki, gələn il Azərbaycan üçün neftin optimal qiyməti də 100 dollar olacaq, lakin qiymət azalması tendensiyası davam edərsə, ona yenidən baxılacaq.

Onun fikrincə, bu fonda qeyri-neft sektoru iqtisadiyyatda payını təqribən 6-7 faiz artırmağa davam edəcək: "Biz ümid edirik ki, 2015-ci ildə qeyri-neft sektoru dinamik inkişaf edəcək, buna rəğmən, neft-qaz sənayesi əsasdır və neftin qiymətindən asılılıq hələ hiss edilməkdədir. Buna baxmayaraq, Azərbaycanın 53 milyard dollarlıq qızıl valyuta ehtiyatı qismində tutumlu maliyyə "təhlükəsizlik yastığı" var. Həmin ehtiyatlar ölkənin xarici dövlət borcunu 8 dəfədən çox üstələyir. Və biz bu göstərici üzrə MDB-nin bütün ölkələrini qabaqlayırıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti