...

Azərbaycan avtomobil istehsalını 5 dəfədən çox artırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Oktyabr 2014 14:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 oktyabr /Trend, müxbir Emil İsmayılov/

Cari ilin yanvar-sentyabr aylarında Azərbaycanda 1781 minik avtomobili istehsal olunub ki, bu da 2013-cü ilin analoji dövründə qeydə alınan göstəricini 5,5 dəfə üstələyir. Trend-in məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsinin 2014-cü ilin 9 ayının yekunu üzrə hesabatında bildirilir.

2013-cü ildə Azərbaycanda 424 minik maşını istehsal olunmuşdu. Bu, 2012-ci ilin göstəricisindən 21,8 faiz azdır.

Hesabatda qeyd olunur ki, yanvar-sentyabr aylarında respublikada 202 yük maşını istehsal olunub. Bu, ötən ilin analoji dövründə qeydə alınan göstəricidən 1 faiz çoxdur.

2013-cü ildə Azərbaycanda 246 yük maşını istehsal olunmuşdu ki, bu da 2012-ci ilin göstəricisini 52,8 faiz üstələyib.

Bundan başqa, hesabat dövründə ölkədə 1 014 traktor istehsal edilib ki, bu da 2013-cü ilin müvafiq dövründə qeydə alınan göstəricidən 2,1 dəfə çoxdur.

2013-cü ildə Azərbaycanda 739 traktor istehsal edilmişdi. Bu, 2012-ci ildə qeydə alınan göstəricidən 19,6 faiz çoxdur.

Qeyd edək ki, Azərbaycanda avtomobil nəqliyyat vasitələrinin istehsalı üzrə Naxçıvan və Gəncə avtomobil zavodları fəaliyyət göstərirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti