Azərbaycan, Bakı, 21 oktyabr /Trend, müxbir Səba Ağayeva/
Azərbaycan və Polşa hökumətləri iqtisadi sahədə əməkdaşlığın yeni perspektivlərinə baxacaqlar.
Danışıqlar dekabrın 15-də Bakıda keçiriləcək iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Polşa hökumətlərarası komissiyasının yeddinci iclası çərçivəsində aparılacaq. Bu barədə Trend-ə Polşanın Azərbaycandakı səfirliyindən bildiriblər.
Baş nazirin müavini, iqtisadiyyat naziri Yanuş Pexoçinskinin rəhbərliyi ilə Polşa hökumətinin nümayəndə heyəti Azərbaycana səfər edəcək.
Azərbaycan tərəfdən komissiyanın həmsədri energetika naziri Natiq Əliyev, Polşa tərəfdən isə Y.Pexoçinskidir.
İclasda qarşılıqlı əmtəə dövriyyəsi və iqtisadi əməkdaşlığın genişləndirilməsi məsələlərinin müzakirəsi planlaşdırılır. Polşa tərəfi, həmçinin Azərbaycana Polşa investisiyalarının yatırılması məsələlərini müzakirə etmək niyyətindədir.
Aqrar sektor, ərzaq məhsullarının istehsalı və digər sektorlar Azərbaycan və Polşa sahibkarları arasında əməkdaşlığın genişləndirilməsi üçün perspektivli sahələr ola bilər. Bunu bir müddət əvvəl Trend-ə Polşa Milli Təsərrüfat Palatasının beynəlxalq əməkdaşlıq üzrə bürosunun direktoru Yeji Drujd deyib.
O, qeyd edib: "Biz Azərbaycanla, xüsusilə də orta və kiçik müəssisələr arasında əməkdaşlığı müsbət qiymətləndiririk. Çalışırıq ki, polşalı sahibkarlar azərbaycanlı həmkarları ilə əməkdaşlıq qura bilsinlər".
Büro direktorunun sözlərinə görə, polşalı sahibkarlar getdikcə əməkdaşlığın yeni mərhələsinə, yəni investisiya yatırmağa başlayırlar: "Türkiyə və MDB-nin bəzi ölkələrinə artıq investisiya yatıran bir neçə Polşa firması var. Bu firmalar Azərbaycan bazarında da iştiraka hazır olduqlarını ifadə ediblər".
O deyib ki, Azərbaycan dünyada neft ölkəsi kimi tanınır və neft sənayesi ilə bağlı hər şey polşalı sahibkarlara da maraqlıdır.