...

Bakının avtomobil yollarında gölməçələrin yaranma səbəbi

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Noyabr 2014 16:00 (UTC +04:00)
Bakının avtomobil yollarının 20 faizinin kənarı ilə yağış kanalizasiyası şəbəkəsi çəkilib və bu, yağış sularının avtomobil yollarından çəkilməsi üçün nəzərdə tutulub.
Bakının avtomobil yollarında gölməçələrin yaranma səbəbi

Azərbaycan, Bakı, 3 noyabr /Trend, müxbir Emil İsmayılov/

Bakının avtomobil yollarının 20 faizinin kənarı ilə yağış kanalizasiyası şəbəkəsi çəkilib və bu, yağış sularının avtomobil yollarından çəkilməsi üçün nəzərdə tutulub. Bu barədə Trend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.

Onun sözlərinə görə, hazırda paytaxtda mövcud olan yolların yenidən qurulması və yeni avtomobil yollarının tikintisi ilə bağlı fəal işlər görülür. Bu işlərin gedişində yağış sularının çəkilməsi üçün müasir norma və tələblərə uyğun yeni infrastruktur yaradılır: "Lakin tikintisi zamanı bu gün üçün artıq köhnəlmiş standartların tətbiq edildiyi avtomobil yolları mövcuddur. Onların bəzilərində yağış sularının çəkilməsi üçün mövcud olan sistem qeyri-işlək vəziyyətdədir, bəzilərində isə bu sistem ümumiyyətlə yoxdur".

Mətbuat xidmətinin rəhbəri deyib ki, həmin çatışmazlıqları cari təmir yolu ilə aradan qaldırmaq mümkün deyil. Bunun üçün mərhələli şəkildə həyata keçirilən əsaslı təmir tələb olunur.

P.Mürsəliyev buna misal kimi yol örtüyünün dağıldığı, həmçinin yağış sularının çəkilməsi sistemində problemin olduğu Ziya Bünyadov prospektini göstərib.

O, qeyd edib ki, bu, yağış sularının vaxtında çəkilməsinə imkan vermir və nəticədə gölməçələrin yaranmasına, prospektin asfalt-beton örtüyünün vaxtından əvvəl dağılmasına səbəb olmuşdu.

ASC rəsmisi bildirib ki, məhz buna görə də hazırda prospektdə tamamlanma mərhələsində olan əsaslı təmir işlərinə başlanıldı: "Əsaslı təmir və yenidənqurma çərçivəsində prospektin yağış kanalizasiyası sistemi müasir norma və standartlara uyğun vəziyyətə gətirildi".

Onun sözlərinə görə, bundan başqa, avtomobil yollarının yenidən qurulması zamanı kanalizasiya quyularının montajına və qapaqlarının əvəz edilməsinə böyük diqqət ayrılır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Trend-ə verilən məlumata görə, noyabrın 5-dək Azərbaycanda hava şəraitinin əlverişsiz keçəcəyi, yağıntılı olacağı gözlənilir. Noyabrın 1-də şimal və qərb rayonlarından başlayaraq ölkə ərazisində hava şəraiti kəskin dəyişib, temperatur 12 dərəcəyə enib.

Sinoptiklərin proqnozlarına görə, noyabrın 5-dən ölkə ərazisində hava şəraiti mülayimləşməyə başlayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti