...

Azərbaycan Serbiya müəssisələrinin özəlləşdirilməsində iştirak edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Aprel 2015 12:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 aprel /Trend, müxbir Elmira Tarıverdiyeva/

Serbiyanın baş naziri Aleksandr Vuçiç Azərbaycana aprelin 13-15-də baş tutan səfərinin nəticələri haqqında danışaraq, ikitərəfli iqtisadi münasibətlərin yaxşılaşması üçün real imkanların olduğunu bildirib.

Trend-in Serbiyanın rəsmi informasiya agentliyi TANJUG-a istinadən verdiyi məlumata görə, Vuçiç jurnalistlərə açıqlamasında Azərbaycana səfərinin uğurlu keçdiyini deyib.

"Düşünürəm ki, biz Azərbaycanda yaxşı təəssürat buraxdıq", - deyən baş nazir iki günlük Bakı səfəri zamanı bir sıra hökumət rəsmiləri və yerli şirkətlərin nümayəndələri ilə keçirdiyi görüşlərini müsbət qiymətləndirib.

Onun sözlərinə görə, görüşlər zamanı Serbiya müəssisələrinin, xüsusilə də neft-kimya kompleksi və aqrar sənaye kombinatlarının özəlləşdirilməsində Azərbaycan şirkətlərinin iştirakı istiqamətində də irəliləyiş əldə olunub. Vuçiçin sözlərinə görə, Azərbaycan şirkətləri Serbiyanın infrastruktur quruculuğuna investisiya qoymaqda maraqlıdırlar.

Serbiya və Azərbaycan infrastruktur layihələrinin gerçəkləşməsində sıx əməkdaşlıq edirlər. Ən iri müştərək layihələrdən biri də Serbiyada avtomobil magistralının salınmasıdır və bu layihədə baş podratçı kimi "AzVirt" şirkəti çıxış edir. Həmçinin Serbiyanın Çaçak və Kralyevo şəhərlərində potensial Azərbaycan investorları üçün azad iqtisadi zonalar yaradılıb.

Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2014-cü ildə Azərbaycan və Serbiya arasında ticarət dövriyyəsi 3 milyon 836,53 min ABŞ dolları təşkil edib.

Serbiya Azərbaycana kənd təsərrüfatı məhsulları, neft-qaz sənayesi üçün avadanlıq və nasoslar, o cümlədən mebel və inşaat materialları ixrac edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti