Azərbaycan, Bakı, 20 aprel /Trend, müxbir Azad Həsənli/
Azərbaycan 2015-ci il dövlət büdcəsinin proqnozlarına dəyişikliklər edilməsi üçün hələ səbəb görmür. Trend-in məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov brifinqdə deyib.
Onun sözlərinə görə, qanunvericilikdə müəyyən meyarlar var ki, onlardan sonra dəyişikliklər edilməsi lazımdır: "Lakin biz hələ buna ehtiyac görmürük. 2015-ci il dövlət büdcəsi proqnozlaşdırılarkən neftin qiyməti 90 dollardan götürülmüşdü, lakin neftin qiyməti aşağı düşdükdən sonra aydındır ki, bu rəqəm bir qədər yüksəkdir. Şübhəsiz ki, bu, dövlət büdcəsinin gəlirlər hissəsinə təsir edir. Lakin dövlət büdcəsinə birbaşa zərər o qədər də böyük deyil. Əlbəttə, neftin qiymətinin azalması ölkənin tədiyə balansına mənfi təsir edir".
S.Şərifov qeyd edib ki, ölkə hökuməti bu istiqamətdə müəyyən addımlar atır: "Biz büdcədən daha səmərəli istifadə etmək istəyirik. Bununla belə, investisiya layihələrinin reallaşdırılmasını ləngitməyi planlaşdırırıq, yəni həmin layihələrdən bəzilərini gələn ilə keçirməyi nəzərdə tuturuq".
Nazir əlavə edib: "Çox güman ki, ilin sonunadək büdcə proqnozlarının yenidən baxılmasına ehtiyac olmayacaq. Bu o demək deyil ki, büdcənin icrasında dəyişikliklər olmayacaq. Yəni gəlirlər və xərclər azalacaq. Ola bilsin ki, gəlirlərimiz gözlədiyimiz səviyyədə olmasın. Bu, xərclərdə də gözlənilir. Lakin bu o anlama gəlmir ki, büdcəyə dəyişikliklər edəcəyik".
O bildirib ki, ilkin ssenariyə əsasən, 2016-cı il dövlət büdcəsində 1 barel neftin qiyməti 50 dollar səviyyəsində götürüləcək: "2016-cı ilin dövlət büdcəsinin hazırlanması üzrə müəyyən hazırlıq işləri artıq aparılır".