...

Azərbaycan FAO-nun regional layihələrinin donoru qismində çıxış edə bilər (ƏLAVƏ OLUNUB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 May 2015 19:21 (UTC +04:00)
Azərbaycan və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) "Tərəfdaşlıq və əlaqələndirmə ofisinin təsisi və texniki yardımın təmin edilməsi üzrə saziş" və “FAO-Azərbaycan tərəfdaşlıq proqramı"nı imzalayıblar.
Azərbaycan FAO-nun regional layihələrinin donoru qismində çıxış edə bilər (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 17:16-da yayılıb)

Azərbaycan, Bakı, 25 may /Trend, müxbir Ənvər Məmmədov/

Azərbaycan və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) "Tərəfdaşlıq və əlaqələndirmə ofisinin təsisi və texniki yardımın təmin edilməsi üzrə saziş" və "FAO-Azərbaycan tərəfdaşlıq proqramı"nı imzalayıblar.

Trend-in məlumatına görə, imzalanma mərasimi FAO-nun baş direktoru Joze Qratsiano da Silvanın başçılıq etdiyi nümayəndə heyətinin Bakıya səfəri zamanı baş tutub.

Azərbaycanın FAO ilə əməkdaşlığının əsas istiqamətləri heyvanların sağlamını, bitkilərin mühafizəsini təmin etmək, kənd təsərrüfatı sahəsindəki tədqiqatlarda təhsil və köməyin artırılması üzrə xidmətlər və sairdir.

Kənd təsərrüfatı naziri Heydər Əsədov imzalanma mərasimində deyib ki, FAO-nun ayıracağı texniki yardımın məbləği 10 milyon dollar təşkil edəcək və beş il ərzində bərabər hissələrlə təqdim ediləcək: "Vəsaitlər, əsasən, Azərbaycanda reallaşdırılan layihələr üçün nəzərdə tutulub və ildə hər biri 100 min dollar olmaqla tərəfdaşlıq və əlaqələndirmə ofisinin dəstəklənməsinə ayrılacaq. Ofisdə, həmçinin 5 yerli kadr işləyəcək. Bundan başqa, FAO azərbaycanlı əməkdaşlar üçün təşkilatın baş ofisində 6 yer ayırıb".

Onun sözlərinə görə, sazişin imzalanması Azərbaycana regional layihələr üçün donor ölkə qismində çıxış etməyə, mövcud əlaqələri genişləndirməyə və şaxələndirməyə imkan verəcək.

J.Silva isə qeyd edib ki, FAO-nun Azərbaycandakı ofisi artıq fəaliyyət göstərir, bu saziş isə bu ofisin yalnız statusunu müəyyənləşdirir. O, FAO-nun texniki yardım istiqamətlərinə də toxunub: "Texniki yardım layihəsi yeni irriqasiya sistemlərinin yaradılmasına, eləcə də transsərhəd çayları haqqında sazişə yenidən baxılmasına istiqamətlənəcək. Həmin çaylardan tez-tez istifadə edilməsi sərhədyanı ölkələr arasında fikir ayrılığına səbəb olur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti